Milli Məclis gələn ilin büdcə müzakirələrinə başlayıb
“20 ildir ki, Milli Məclisdə büdcə təsdiqində iştirak edirəm. Elə eyni şey gəlir. Filan yeri azaltdıq, filan yeri artırdıq. Prezident mütəmadi sərəncamlar verir, qərarlar qəbul edir, sürətli islahatlar gedir. Büdcə strukturu da buna uyğunlaşmalıdır. Büdcə strukturunun müasir formasını tapmalıyıq. Büdcəmiz keçmiş sosializm dövründəkindən fərqlənməlidir. Yeni və fərqli büdcə strukturumuz olmalıdır”.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzovun sözləridir.
Noyabrın 7-də Milli Məclisdə Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi olub.
Müzakirələr parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında aparılıb.
Büdcədə neftin qiymətinin az götürülməsi məqsədəuyğundur
S. Novruzovun sözlərinə görə, indi dünyada büdcələr Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələrlə formalaşdırılır:
“Götürək neftin qiymətini. Biz bunu büdcədə əvvəlcə 25, sonra da 40 ABŞ dolları həcmində müəyyən etmişdik. İndi də 45 dollardan hesablanır. 2018-ci ilin dövlət büdcəsində neftin qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır. Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən də deyirlər ki, inkişaf var. Belədirsə, neftin qiymətini büdcədə aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək”.
Neft Fonduna yığılan pulu büdcəyə köçürməyək
Deputat əlavə edib ki, bir də yığışaraq neftin büdcədə qiymətini endirib-qaldırmaq əvəzinə, qiyməti 25-30 dollar həcmində müəyyən etmək olar:
“Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Ötən illərə baxsaq, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişafına nail olduq. Hazırda da yüksək templə işlər gedirsə, Dövlət Neft Fonduna yığılan pulu büdcəyə köçürməyək. Nəticədə biri sağa, biri sola xərcləməsin”.
Əli Məsimli: 200-300 manat maaş alanların vəziyyəti pisləşib
Deputat Əli Məsimli isə büdcə təşkilatlarında çalışanların əmək haqları məsələsinə toxunub. Onların maaşlarının artırılmasına ehtiyac olduğunu deyib:
“Növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub. Qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb. Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən, büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var”, – deyə deputat vurğulayıb.
Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur
Ə.Məsimli son dövrlərdəki qiymət artımı problemindən də danışıb. Deyib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır:
“Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarçılıqdır. İnfyasiyanın proqnozlaşdırılandan çox olması, əsasən, süni qiymət artımı ilə bağlıdır”.
Dağlıq Qarabağa büdcədən vəsait ayrılsın
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib. O, sanki Azərbaycanın iqtisadi cəhətdən təcavüz aktı ilə barışdığını söyləyib:
“Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm. Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də, bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb, amma işğal reallığına görə büdcədən ayırma reallıqda işləmir”.
Milli Məclis 2018-ci ilin büdcə müzakirələrinə başlayıb.
Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdırılır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.