“İndidən sənə görə narahatam, Humay bəbə”

Tofiq Yaqublu

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun mayın 24-də doğulmuş nəvəsi Humaya həbsxanadan məktubu:

“Xoş gəldin, Humay bəbə!

Mənim ikinci nəvəm dünyaya gəldi, ona “xoş gəldin” deyirəm və Seymurla Nigarı ata-ana olmaları münasibətilə təbrik edirəm.

İlk nəvəm Kənan 2015-ci ildə dünyaya gəlmişdi və mən onda tərbiyəsizcəsinə şərlənərək cəzacəkmə müəssisəsində haqsız məhkumluq yaşayırdım. Nərgizin oğlunun dünyaya gəlişi bizim ailənin faciəsinə çevrildi, çünki onun özünü itirdik.

İndi Humay bəbə dünyaya gələndə mən yenə də absurd bir şərləmənin qurbanı olaraq həbsxanadayam. Amma bu dəfə yeni körpənin gəlişi ailəmizi dəhşətli faciədən qurtardı.

Qanunsuz həbsimə etiraz olaraq aclıq aksiyası keçirirdim. Aclığımın 40-cı günündə artıq hiss edirdim ki, həyatımın son saatlarıını yaşayıram. Professsor Adil Qeybulla bir həkim kimi izah etmişdi ki, əgər mən Nigarın dünyaya uşaq gətirəcəyi ərəfədə ölsəm, bu faciənin yaradacağı şok və stress doğuş zamanı onun özünün və körpəsinin həyatı üçün ciddi təhlükə yaradacaqdı. Həkim olmasam belə onsuz da belə bir ciddi təhlükənin olduğunu özüm də dərk edirdim. Lakin bütün bunlara rəğmən aclıq aksiyasını dayandırmağı düşünmürdüm.

Aclıq aksiyamın 40-cı günündə həbsxana qrafikinə görə evə zəng etmək günüm idi. Lakin artıq mənim danışmaq, hətta dinləyib qavramaq imkanım olduqca zəifləmişdi. Məni araba ilə birtəhər telefon otağına gətirdilər. Danışa bilmirdim, daha doğrusu nə qədər çalışırdımsa, səsim çıxmırdı. Nigar telefonun o biri başında ağlayırdı və ilk dəfə məndən aclığı dayandırmağı xahiş etdi. O, görürdü ki, mən artıq ölümlə əlləşirəm və bundan bərk qorxmuşdu. Mənim həyatımla bağlı təlaş keçirirdi. Təbii ki, onun özünün və körpəsinin həyatı ilə bağlı təhlükəni də anlayırdı, ancaq mənim həyatımla bağlı narahatlığa görə aclığı dayandırmağımı yalvararaq xahiş edirdi. Mənim danışmağa halım yox idi. Nə qədər çalışırdımsa səsim çıxmırdı, bununla belə özümü toparlayıb nə olsa belə aclığı dayandırmayacağımı bildirdim. Məni öz otağıma gətirdilər.

Ertəsi günü aliəvi görüş günümüz idi. Çarpayıda yarımcan halda uzanıb sabaha sağ çıxmayacağımı və sağ çıxsam belə, bu halda heç cür görüşə bilməyəcəyim haqqında düşünürdüm. Günün sonuna yaxın birdən gəlib dedilər ki, ailə üzvləriniz görüşə gəliblər. Çox təəccübləndim, axı görüş günü sabah idi. Məni artıq can verməkdə olan birisi kimi arabada görüş otağına gətirdilər. Nigar və Maya xanım gəlmişdilər. Onlar ağlayırdılar, mənim isə danışmağa taqətim yox idi. Nigar mənə bildirdi ki, artıq hakimiyyət də, penitensiar xidmət də durumun kritik olduğunu qəbul ediblər və ona görə də ailə üzvlərini mənimlə görüşə, ardınca da professor Adil Qeybullanı iş gününün sonunda təcili tibbi müdaxiləyə göndəriblər.

Mən ölümü gözə almışdım, amma gözümün işığı Nigarımın və onun dünyaya gələcək körpəsinin həyatını nəzərə alaraq onların xahişinə müsbət cavab verdim. Nə isə…

Xoş gəldin, Humay bəbə! Hümay bəbə, əlbəttə ki, sənin hələ heç nə anlamadığın bu dünyaya gəlişinə çox sevinirik və sənə “xoş gəldin” deməyə bilmərik. Amma bu təbrikdə bir paradoks və təzad var. Axı sən qanunların işləmədiyi, insanların elementar hüquqlarının olmadığı, oğruların, yaltaqların və cinayətkarların idarə etdiyi Azərbaycanda düyaya gəlmisən. Humay bəbə, sənə “xoş gəldin” deməklə sanki “cəhənnəmə xoş gəldin” demiş oluram. Hələ bu harasıdır…

Sən bu qəddar və antiinsani rejimin işgəncə laboratoriyasına çevirdyi ailəmizə gəlirsən və mən də sənə “xoş gəldin” deməyə bilmirəm.

Humay bəbə, təbii ki, həyatının ilk illərində ata-ananın, digər doğmalarının qayğısı ilə əhatə olunacaqsan və bu cəhənnəmin fərqində olmayacaqsan. Amma sən böyüyəcəksən və əminəm ki, ata-ananın, babanın, xalanın, dayının və sairlərinin yolu ilə gedəcəksən. Bax, o vaxtadək bu ölkədə ciddi demokratik dəyişikliklər olmayacaqsa, sən də bu cəhənnəmi hiss edəcəksən və işgəncə laboratoriyasının əzablarına qatlanmalı olacaqsan, Humay bəbə. İndidən sənə görə narahatam, Humay bəbə. Bununla belə, hər şeyə rəğmən, xoş gəldin, Humay bəbə!”

Ana səhifəTövsiyə“İndidən sənə görə narahatam, Humay bəbə”