Redaktordan: Məktubun ünvanladığı şəxs – Rza Talebi əslən Urmiyadandır, hazırda siyasi mühacir həyatı yaşayır.
Eh, Rza!
Əzizim Rza, bilmirəm, sən indi haradasan? Bəlkə Türkiyədə, bəlkə də başqa bir ölkədə. Amma bilirəm ki, Azərbaycanı düşünürsən, közü-közə calayıb, içini qovurursan.
Məni soruşsan, mən çox yaxşıyam, Rza…Bilirsən, niyə yaxşıyam? Çünki, istiqlal didərginlərindənsə, demokratiya məhbusları daha xoşbəxtdirlər. Bilirsən, yadıma nə düşür? Bu gün bizə gülməli gələr bəlkə də, amma illər öncə böyüklərimiz ana dilində ittiham olunmaq istəyiblər. Hökmlərinin ana dilində oxunmasını istəyiblər. Mən indi onların arzusunu yaşayıram. Bəlkə, həm də sənin arzunu, Rza. İndi mən zindandayam, amma xoşbəxtəm. Inanmazsan bəlkə də, çoxları onsuz da inanmayacaq, amma doğrudan da, xoşbəxtəm. Çünki, hökmüm üzümə ana dilimdə oxunub, Rza.
Səninlə uzun-uzadı söhbətlərimizin lirik ricəti olurdu Nəvid Müsmirin nəğməsi :
Marağanın üzümü
Qoyun, deyim sözümü…
Qoymurlar, sözümüzü deyək. Amma indi öz dilimizdə kəsirlər öz dilimizi. Bilmirəm, bu yaxşıdır, ya yox, amma sənə Güneydə demokratiya zindanı arzulayıram. Bu günlərdə Xədicə İsmayılın həbs olunduğunu eşitdim, Rza. Nə deyim, bilmirəm, bu həbsə söz tapa bilmirəm. Axı, belə məqamda, belə yerdə nə demək olar?
Bilirsən, niyə təəccüblənirəm, Rza? Əvvəllər bizim kişilər sevirdilər, vuruşurdular, qadınları müdafiə edirdilər. İndisə, bizim kişilər qadınlardan qorxurlar.
Bəlkə də, məktubum ifrat duyğusal oldu. Amma bunu da bilirəm ki, duymaq, duy bilmək çox böyük xoşbəxtlikdir:
Təbriz üstü marağa
Telin gəlməz darağa
Yar məni mehman edə
Bircə içim arağa…
Gördüyün kimi əlayam.
Məndən hər kəsə salam de.
Gecə çox zülmətdirsə, sözsüz səhər çox yaxındadır, Rza!
18.12.2014
Dostun Seymur Həzi
Kürdəxanıdan