”İndi ölkəyə pul yeyən yox, pul qazanan hökumət lazımdır”

Qadir İbrahimli: ”Maliyyə, vergilər nazirliklərində və Gömrük Komitəsində yoxlamalar aparılsa, “MTN işi”ndən qat-qat dəhşətli mənzərəylə rastlaşacağıq”

Source:


Qadir İbrahimli: ”Maliyyə, vergilər nazirliklərində və Gömrük Komitəsində yoxlamalar aparılsa, “MTN işi”ndən qat-qat dəhşətli mənzərəylə rastlaşacağıq”

“2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”.

 APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb: “Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir”.

Prezident İlham Əliyev deyib ki, keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub: “Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir”.

Dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələr icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür: “2015-ci ildə Azərbaycan əhalisi 114 min nəfər artıb”.

Prezidentin bazar günü keçirdiyi müşavirəni Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli hesab edir ki, toplantı Azərbaycandakı mövcud iqtisadi böhrana adekvat deyildi: “Mən maliyyə nazirinin, Mərkəzi Bankın sədrinin hesabatını və real vəziyyətlə bağlı izahatlarını gözləyirdim. Amma bunlar olmadı. Bəli, kənd təsərrüfatı nazirinin müşavirədə çıxışı anlaşılandır, çünki Azərbaycan əhalisinin 38 faizi aqrar sektorda çalışır. Ölkə maliyyə krizisində olduğundan maliyyə naziri və Mərkəzi Bank sədri izahat verməli, prezidentin də adekvat münasibəti olmalıydı. Bu, o deməkdir ki, hökumət böhran dövrünə tam hazır deyil və sanki nədən başlayacaqlarını da bilmirlər”.

İqtisadçı bildirib ki, prezidentin çıxışından narahatlıq sezilir və o, nəyisə dəyişmək istəyir. Sadəcə, müşavirədə bu suallar açıq qaldı: “Prezidentin ən vacib mesajı struktur və idarəçilik islahatlarının bu il davam edəcəyi barədə idi. Amma bunlar ümumi sözlərdir, hansı formada islahatlar olacaq, bax, bu məsələ açıq qalır”.


Dövlət başçısının Respublika Prokurorluğuna yerli məhsulların qiymətini qaldıranlara qarşı sərt addımlar barədə tapşırığı haqda suala iqtisadçı belə cavab verdi: “Məsələ ondadır ki, prezidentin özü də köməkçilərinin ona yanlış məlumatlar verdiyini bir dəfə vurğulamışdı. Hesab edirəm ki, prezidentin köməkçiləri növbəti dəfə ona yanlış məlumat veriblər. Daxildə istehsal olunan məhsullar var, amma onlar da xammalı, texnologiyanı idxal hesabına ölkəyə gətirirlər. Əgər texnologiya və xammal idxal olunursa, məhsulun qiymətini sabit saxlamaq mümkünsüzdür”.

O, yaxın bir neçə ayla bağlı proqnoz vermək üçün birinci rübün nəticələrini gözləməyin vacib olduğunu dedi: “Mən kardinal dəyişikliklər gözləmirəm və hökumətin böhran situasiyasına tam hazır olmadığını düşünürəm. Hökumətin nəyi necə etmək və hardan başlamaq haqda daxili qərarları da yoxdur. Bəlkə yanılıram, amma bütün hallarda marta qədər hansı addımların atılacağını və bunların nədən ibarət olacağını gözləməliyik. Əgər bu addımlar yalnız kadr yerdəyişmələri ilə bağlı olacaqsa, məqbul saymayacam. Çünki Azərbaycanda çox ciddi kadr, idarəçilik və struktur islahatlarına ehtiyac var. Ümumiyyətlə, hökumətin tərkibi böhran dövrünə uyğun deyil. Yaxşı olardı ki, prezident siyasi iradə göstərsin, Nazirlər Kabinetini tam tərkibdə istefaya göndərib, böhran komandası formalaşdırsın. Xüsusən iqtisadi bloku oliqarxlara deyil, texnokratlara həvalə etsin. İndiki komanda böyük neft pullarını yeyən komandadır, yeni dövrdə ölkəyə pul yeyən yox, pul qazanan hökumət lazımdır. Bu, ilkin şərtdir”.

İqtisadçı düşünür ki, ölkədə real sektor yoxdur, iqtisadiyyatın 70-80 faizi idxaldan asılıdır. Bu baxımdan zəruri qərarlar qəbul olunmasa, iqtisadiyyat birbaşa xarici təsirlərdən, yəni neftin qiymətindən asılı olacaq. Hökumətin də buna müqavimət göstərmək gücü yoxdur: “Düzdür, idxal monopoliyasına son qoymaq barədə xəbərlər olsa da, bu, özünü tam şəkildə təsdiqləməyib. İdxal monopoliyasında ikinci amil maliyyə sisteminin sağlamlaşdırılmasıdır. Əmin edirəm ki, maliyyə, vergilər nazirliklərində və Gömrük Komitəsində yoxlamalar aparılsa, “MTN işi”ndən qat-qat dəhşətli mənzərəylə rastlaşacağıq. Ölkənin böyük pulları hansısa klanın əlindədir və bu klan pulları istədiyi kimi istifadə etdiyindən pinti maliyyə sistemi yaranıb. Hər üç strukturda köklü dəyişikliklər baş verməsə, hökumətin antiböhran səyləri nəticə verməyəcək”.

Ana səhifəXəbərlər”İndi ölkəyə pul yeyən yox, pul qazanan hökumət lazımdır”