Qardaşlarımın həbsindən bir aydan çox vaxt keçib. Bu müddət ərzində dostlar, yaxşı münasibətdə olanlar onların vəziyyətindən daha çox, valideynlərimin imtinası barədə sual verdi, soruşdu, qınadı, mənə necə təsir etdiyini soruşdu, təsəlli verdi. Uzun müddət susdum, cavab vermədim. Bu dəqiqə Azərbaycanda, iki övladları həbsdə, bir övladları sürgündə olan valideynlərim barədə düşündüm.
90-cı illərin əvvəlləri idi. Ailənin gücü ancaq bir uşağı yaxşı oxutmağa, yaxşı geyindirməyə, dərsləri ilə maraqlanmağa çatırdı. Bu uşaq mən omadım. Valideynlərim, necə olsa, qızdır, onsuz da birinə ərə gedəcək, təhsilini, pul qazanma bacarığını da özü ilə aparacaq deyə, məni deyil, böyük qardaşımı oxutmağa qərar verdilər. Ənənəyə görə, yaşlananan ata-ananı oğul saxlamalıdır. Buna görə də, yatırım ona edilməli idi. Evə gələn cüzi pul qardaşımın əyin-başına xərclənirdi, atam axşamlar oturub ona dərslərini oxumaqda kömək edirdi, ona qoşulub hərf höccələyir, rəqəm hesablayırdı. Mənsə bir kənarda, nimdaş paltarda oturub, incik-incik öz dərslərimi tək oxuyurdum.
1993-cü il kəndimizdən köçkün düşdük. Silahlılar kəndə girəndə, anam iki qardaşımı götürüb, kəndimizlə sərhəd olan İrana adlamışdı. Mənim aqibətimdən nə atamın xəbəri vardı, nə anamın. Sonralar, bir-birimizi tapandan sonra soruşurdum ki, o vaxtlar nə düşünürdün? Anam deyirdi ki, fikirləşirdim ki, şükür, heç olmasa iki oğlumu salamat çıxara bildim.
2015-ci il. Hakimiyyət heç nədə günahı olmayan, iki sadə fəhlə qardaşımı həbs elədi. Qızı onsuz da sürgündə olan valideynlərimin qarşısında seçim vardı. Ya susub, iki oğullarının həbsdə qalmasına əlacsız halda tamaşa eləmək, ya da onsuz da uzaqda olan qızlarından əllərini üzüb, onların azad olunmasına çalışmaq. Onlar oğullarını seçdilər.
1990 – ənənə onları övladları arasında seçim etməyə məcbur elədi. 1993 – müharibə onları övladları arasında seçim etməyə məcbur elədi. 2015 – hakimiyyət onları övladları arasında seçim eləməyə məcbur etdi. Mənim ölkəmdə hər şey həyatları boyu valideynləri öz övladları arasında seçim eləməyə məcbur edir. Budur mənim ölkəmdə valideyn olmağın əvəzi, yükü, faciəsi. Necə, hansı ürəklə, hansı haqla qınayaq onları? Bir onlardımı, onlar təkdilərmi? Yüzlərlə, minlərlə valideyn hər gün, hər işdə seçim eləməli olur.
Ölkəsində vətandaş olmaqla, kirayəşin olmaq arasında.
Vicdanla ac yaşamaqla, rüşvət alıb balalarına haram yedirmək arasında.
Susmaqla həqiqəti demək arasında.
Qızla oğulun arasında.
İndi uzaqda evində oturub, rahat yazısını yazan mən, indi Azərbaycanda həbs olunmuş iki oğulun 5 körpəsinin üzünə hər gün baxmalı olan adamları qınamağa haqqım çatırmı? Çatmır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…