“İmam Mehdi” işi: “Ayaqlarım yerdən üzüldü, havaya qalxdım…”

Jurnalistlər məhkəmə prosesinə buraxılmır

Özünü “zühur etmiş 12-ci imam Mehdi” kimi təqdim edərək, zəkat, yardım adı altında illərlə adamlardan pullar toplayıb dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin işi üzrə məhkəmə iclasında bu dəfə Aydın Niftəliyev və Elnur Mehdiyev dindirilib. Onlar da “İmam Mehdi”yə pul verdiyini iddia edən və zərərçəkmiş qismində tanınan şəxslər sırasındadır.

Zərərçəkənlər bu məhkəmə prosesinə jurnalistlərin buraxılmaması haqda vəsatət qaldırıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakim Eldar İsmayılov da həmin vəsatəti təmin edib. Lakin Meydan TV şəxsi mənbələr hesabına məhkəmə iclasında baş verənlər haqda məlumat əldə edib.

Aydın Niftəliyev deyib ki, əvvəllər Aqil Babayevin ilahi qüvvə olduğuna şübhə ilə yanaşsa da, sonradan onun “möcizəsini” görüb və inanmağa başlayıb. Onun sözlərinə görə, günlərin birində birlikdə namaz qılırdılar, Aqil Babayev ondan irəlidə dayanmışdı: “Namazı bitirəndən sonra qəfildən çevrilib dedi ki, sən mənə şəkk gəririrsən? Diqqətlə gözümün içinə baxmağa başladı. Bu vaxt ayaqlarım yerdən üzüldü, havaya qalxdım. Bu vaxt yanımda olan qaynım ikiəlli məndən yapışdı. Mənə dedi ki, hara qalxırsan sən? Məni tutub aşağı salmasaydı, qalxırdım göyə. Bundan sonra ona inanmağa başladım. Onunla dəfələrlə görüşmək istəsəm də, qəbul etmirdi. Ancaq futbol oyunlarında rastlaşırdıq. Hər oyundan sonra adamları ayaqlarını massaj edirdilər”.

O əlavə edib ki, Aqil Babayevin başqa möcüzələrini də edib. Məsələn, onun alovun üstündə oturub, qanad çıxarması:

“Deyilənə görə odun üstündə çıxardığı qanadlar onun mələkləri olub. Həmin anın şəkilləri də var”.
Aydın Niftəliyev iddia edir ki, “İmam Mehdi”yə inanıb, ona 71 min manat pul verib. Onun sözlərinə görə, evini satıb o pulu vermişdi: “Mənə dedi ki, “evini sat, gəl qibləyə”. Soruşanda ki, “qiblə haradı?” Deyirdi, Binəqədi”.

Dindirmə zamanı Aqil Babayevlə Aydın Niftəliyev arasında mübahisə yaranıb. Zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edib. Buna görə hakim ona xəbərdarlıq edib.

Digər zərərçəkmiş Elnur Mehdiyev isə Aqil Babayevlə 2004-cü ildə tanış olduğunu deyib. O bildirib ki, verdiyi müxtəlif suallara Aqil Babayevin müdrik cavabları onda inam yaradıb. Elnur Mehtiyev iddia edir ki, ona 65 min manat ziyan dəyib.

Həmin pulu “İmam Mehdi”yə xeyriyyə məqsədilə verdiyini deyən Elnur Mehdiyevin sözlərinə görə o ərəfədə böyük bir iş götürmüşdü, yaxşı gəliri vardı. “İmam” da deyib ki, gəliri varsa, özü də xeyriyyəçilik eləməlidi: “Bu üzdən 2011-2014-cü illərdə hər 1500-2000 pul vermişəm”.

Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir. O bildirib ki, “Shaurma N1” restoranlar şəbəkəsinin şəriklərindən biri olub və oradakı payını, pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunub.

Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan təxminən 9 milyon manata yaxın pul və 2 milyon dəyəri olan qızıl külçələri götürüb aparıblar. Ertəsi gün Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət edib:

“Mənim şikayətimi araşdırmaq əvəzinə özüm haqqında absurd cinayət işi başladılar”.

Ana səhifəSosial“İmam Mehdi” işi: “Ayaqlarım yerdən üzüldü, havaya qalxdım…”