İlqar Vəlizadə: Müzakirə predmetini Rusiyanın təklifləri təşkil edəcək

Polad Bülbüloğlu: ”Görüşdə Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək”

Source:


Polad Bülbüloğlu: ”Görüşdə Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək”


Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Bu istiqamətdə iş gedir. Belə görüşlərin keçiriləcəyini istisna etmirik”, – deyə o vurğulayıb.

Peskov bildirib ki, prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək.

APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskva görüşü öncəsi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ilkin səbəbi həllini tapmasa, Azərbaycana qarşı təcavüz dayandırılmasa və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmasa, heç kəs heç nəyə təminat verə bilməz.

Səfirin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək: “Bunu hər kəs anlamalıdır – həm Ermənistan, həm dünya ictimaiyyəti, həm həmsədrlər… Azərbaycan prezidenti, XİN də bunu dəfələrlə bəyan edib. Amma bizi nə eşidirlər, nə də eşitmək istəyirlər. Aprel hadisələri göstərdi ki, “status-kvo” qəbuledilməzdir”.

Vyana görüşünə toxunan diplomat həmin görüşdə prezidentlərin iyun ayında yenidən danışıqlar aparmaq barədə razılığa gəldiyini xatırladıb: “Görüşün yeri ilə bağlı müxtəlif təkliflər oldu. Ötən gün Rusiya XİN-in saytında Sankt-Peterburqda üçtərəfli görüşün olacağı barədə xəbər yerləşdirildi, lakin nəyə görəsə sonradan çıxarıldı. Mən görüşün harada, nə vaxt keçiriləcəyi barədə danışmağa səlahiyyətli deyiləm. Lakin düşünürəm ki, görüş iyunda baş tutacaq. Bu görüş bizim üçün çox vacibdir. Görüşdə Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcək addımların vektorları müəyyənləşdiriləcək”.

Bir neçə il əvvəl azərbaycanlı ziyalıların Qarabağa səfər etdiklərini qeyd edən P.Bülbüloğlu sonradan bu formatın ermənilər tərəfindən pozulduğunu qeyd edib: “Açıq bildirdilər ki, bu format onları qane etmir”.

Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Səfir son vaxtlar Ermənistan tərəfdən ünvanına səslənən tənqidlərə də cavab verib: “Bilirəm ki, mənim çıxışlarım erməni tərəfini qane etmir. Amma onların tənqidləri məni daha da ruhlandırır. Qaranı ağ göstərməyə çalışırlar. Amma beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurasının qətnamələri mövcuddur. Bunlarda göstərilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, o əraziləri qeyd-şərtsiz azad etməlidir. Azərbaycan həm ölkə, həm də beynəlxalq hüququn subyekti kimi haqlıdır. Erməni diplomatlar nə deyir desin, ədalət bərpa olunacaq, ərazimiz azad ediləcək”.

Səfir onu da əlavə edib ki, Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir: “Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə – istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə – rolu çox böyükdür. Bilirsiniz ki, Rusiya ATƏT -in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onun mövqeyindən çox şey asılıdır. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz. Mən düşünmürəm ki, Ermənistanın və erməni xalqının maraqları başqalarının torpaqlarının işğalı ilə bağlıdır”.

Siyasi şərhçi İlqar Vəlizadə Meydan TV-yə Sankt-Peterburq görüşünün Rusiyanın təşəbbüsü ələ almaq istəyindən irəli gəldiyini bildirib.

İlqar Vəlizadə
İlqar Vəlizadə

O, güman edir ki, prezidentlərin görüşündə konkret məsələlər müzakirə olunacaq: “Müzakirə predmetinin əsasının Rusiyanın təkliflərinin təşkil edəcəyi şübhəsizdir. Ancaq təkliflər barədə informasiyalar və yaxud açıqlamalar olmadığından yalnız ehtimallar irəli sürə bilərik. Bu təkliflər ən azı Azərbaycana 5 rayonun qaytarılması, Ermənistanın blokadadan çıxarılması, növbəti mərhələdə isə Qarabağın statusuyla yanaşı sülhməramlıların yerləşdirilməsi üzərində dayanır. Hesab edirəm ki, həmin təkliflər əsasında nə etməli sualı müzakirə olunacaq. Yəni tərəflər nə etməlidir ki, yaxınlaşa bilsinlər? Əgər prioritet kimi bu məsələlər olsa, o zaman Rusiyanın təkliflərinin tərəflər üçün məqbul edilən saymaq olar”.

Siyasi şərhçi “səfir Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır açıqlamasıyla Kremlə hansı mesajı verir” sualına belə cavab verdi: “Əslində, diplomatın açıqlamasında yeni bir şey yoxdur, Rusiya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Ümumiyyətlə, Ermənistan istisna olmaqla bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yaranmış kontekstdə bu məsələni dilə gətirməklə səfir Rusiyaya tərəf olduğunu işarə edir”.

Ana səhifəXəbərlərİlqar Vəlizadə: Müzakirə predmetini Rusiyanın təklifləri təşkil edəcək