”Təzyiq olmasa, Hamburq görüşünün heç bir perspektivi olmaz”
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə vaxt olacağı ilə bağlı sualın cavabında deyib ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var.
Məlumatı “Turan” İA yayıb.
Nazirin fikrincə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışılarada irəliləyişə ümid olub.
“Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər. Hazırda xarici işlər nazirlərinin Hamburqda görüşü planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir. Biz Sankt Peterburq mühitini bərpa etmək istəyirik”, nazir bildirib.
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.
Nazirin fikirlərini Meydan TV-yə şərh edən siyasi icmalçı İlqar Vəlizadə bildirib ki, rəsmi Bakı Hamburq görüşündə həmsədrlərin Ermənistana təzyiq etməsini gözləyir:
“Bu təzyiq olmasa, Hamburq görüşünün heç bir perspektivi olmaz. Ümumiyyətlə, heç Hamburqa getməyə də bir əsas olmayacaq”.
Siyasi şərhçi deyir ki, masa ətrafında Azərbaycanı qane edən bir neçə məsələ var, xüsusilə ərazilərin qaytarılması.
“Elmar Məmmədyarov da Sank-Peterburq görüşünün üzərində ona görə dayanır. Çünki Sank-Peterburq görüşündə ərazilərin qaytarılması gündəlikdə olub, Azərbaycan da Ermənistanı həmin gündəliyə qaytarmaq istəyir. İrəvan isə yeni gündəlik təklif edir, bax, burda həmsərlərdən çox şey asılıdır. Bu baxımdan nazir Məmmədyarov ümiddən danışır. Aydındır ki, Ermənistan torpaqları istəmir və həmsədrlər də İrəvanın gündəliyi dəyişmək, təhlükəsizlik məsələlərinə üstünlük verməsini dəstək verirlər, dolayısı, yaxud açıq”,-İlqar Vəlizadə belə deyib.