Hüquq müdafiəçisi bir məhkəmədə iddiaçı, digərində cavabdehdir
Oktyabrın 24-də Naxçıvan Şəhər Məhkəməsində hakim Mehman Allahverdiyevin sədrliyi ilə hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun Fərid Əsgərova qarşı, oktyabrın 27-də isə Fərid Əsgərovun İlqar Nəsibova qarşı cinayət işi üzrə hazırlıq iclası olacaq. Bu barədə Naxçıvanda fəaliyyət göstərən “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri Məlahət Nəsibova “Turan İA”-a bildirib.
Naxçıvanda qəddarcasına döyülən hüquq müdafiəçisi İlqar Nəsibovun Fərid Əsgərova qarşı, Fərid Əsgərovun isə İlqar Nəsibova qarşı iddiası üzrə cinayət işinin istintaqı Naxçıvan Şəhər Polis İdarəsində aparılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
İlqar Nəsibov avqustun 21-də Naxçıvanda “Demokratiyaya Dəstək Resurs Mərkəzi”nin ofisində qəddarcasına döyülüb. O, çoxsaylı xəsarət alıb, beyni silkələnib. Bundan sonra İ.Nəsibovun ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində Fərid Əsgərov adlı şəxsə qarşı CM 127.1-ci maddəsi ilə cinayət işi qaldırlıb. F.Əsgərov saxlanılıb və sonra azad buraxılıb.
Bir ay sonra sentyabrın 20-də F. Əsgərovun iddiası əsasında Naxçıvan Şəhər Polis İdarəsində İlqar Nəsibova qarşı da Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi qaldırılıb.
Məlahət Nəsibova “Turan İA”-a bildirib ki, həyat yoldaşı İ.Nəsibovun müalicəsi hələ də davam etdirilir. “Bununla yanaşı, istintaq İlqar Nəsibovun Naxçıvandan ölkənin digər yerlərinə getməsinə qadağa qoyub. Bu isə İlqarın Bakı və digər mərkəzi şəhərlərə gedərək müalicə üçün həkimlərə müraciət etməsinə imkan vermir. Adətən istintaq ölkəni tərk etməmək barədə qərar qəbul edir, amma İlqara Naxçıvanı tərk etməmək qadağa qoyulub”, – o qeyd edib.
İlqar və Məlahət Nəsibovlar Naxçıvanda insan hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərirlər. Onlar İ.Nəsibovun qəddarcasına döyülməsinin jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlı olduğunu bildirirlər. Onlarla beynəlxalq və yerli hüquq- müdafiə təşkilatı İ.Nəsibovun qəddarcasına döyülməsini araşdırıb, sifarişçilərin və icraçıların cəzalandırılmasını Azərbaycan hökumətindən tələb edib.