İlqar Məmmədovun işinə görə sanksiya tətbiq oluna bilər

Rəsul Cəfərov: Ölkənin Parlament Assembleyasında səsvermə hüququ dondurula bilər

Source:


Rəsul Cəfərov: Ölkənin Parlament Assembleyasında səsvermə hüququ dondurula bilər

Avropa Şurası ReAl Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə sanksiya tətbiq edə bilər.

Məlumatı

“The Guardian”

nəşri yayıb.

Məlumatda bildirilir ki, Avropa Şurasının Baş katibi Yaqland dünən Avropa Şurası səfirləri ilə görüşdə İlqar Məmmədovun işi üzrə Avropa Məhkəməsinin qərarının icra edilmədiyini deyib və onları ən son hüquqi addımı atmağa çağırıb.

Məsələni öz “Facebook” səhifəsində şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qərar icra edilmədiyi üçün Nazirlər Komitəsi (NK) məhkəmədən bu addımın Avropa Şurasının Nizamnaməsinin pozulub-pozulmaması ilə bağlı rəy verməsini istəyir:

“Rəy Nizamnəmənin pozulduğunu müəyyən edərsə, – bu da şübhə doğurmur, sadəcə qısa prosedurlar üçün müəyyən vaxt tələb olunacaq- NK Nizamnaməni pozan ölkənin Parlament Assembleyasında səsvermə hüququnun dondurulması və ölkənin Şura üzvlüyündən çıxarılması ilə bağlı qərar verə bilər”.

23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland məhkəmə qərarının icra olunmamasıyla bağlı rəsmi təhqiqat da başladıb.

Ana səhifəXəbərlərİlqar Məmmədovun işinə görə sanksiya tətbiq oluna bilər