“İlqar Məmmədova heç bir təzyiq yoxdur” (VİDEO)

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov bəyanat yayaraq bildirib ki, Penitensiar Xidmətin əməkdaşları ona məcburi əfv ərizəsi yazdırmaq istəyirlər. Ona deyilib ki, bu addımı atmazsa, həbsdən sağ çıxmayacaq. İlqar Məmmədovun sözlərinə görə, bunu nəzərə alaraq, həbsxanada keçirilən rentgen yoxlamasında iştirakdan imtina edib. Bəyanatda yazılır ki, avqustun 14-də rəis müavini vəzifəsini icra edən Emin Həsənov İlqar Məmmədovu rus dilində təhqir edib və bərk döydürməklə hədələyib.


Jurnalistlər baş verən hadisələri aydınlaşdırmaq məqsədilə 2 saylı cəzaçəkmə müəssisəsinə yollanıblar.

2 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Ədalət Cəbrayılov jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, İlqar Məmmədov karsa salınmayıb, ona qarşı heç bir təzyiq yoxdur.


“Hal-hazırda İlqar Məmmədov karsda deyil. Digər məhkumlarla ümumi yaşayış qaydalarına uyğun olaraq, cəzasını çəkir. Emin Həsənovla bağlı məsələyə gəlincə, xahiş edirəm ki, ictimaiyyətlə əlaqələr şöbəsinə – Yaşar İsakova müraciət edin. Mən sizi əmin edirəm ki, dünənə qədər necə yaşayırdısa, o cür də yaşayışını davam etdirir”.


Jurnalist Aynur İmranova rəis əvəzinin dediklərini inandırıcı saymadığını bildirir.


“Siyasi məhbusların bəyanatlarından bilirik ki, onlara əfv yazmaqla bağlı təzyiqlər var. Mən ümid edirəm ki, biz bu müəssisəyə bir daha belə problemlərlə bağlı gəlməyəcəyik. Əgər bu davam edərsə, gələn dəfə 10 jurnalist yox, ən azı 50 jurnalist gələcəyik. Çalışacağıq ki bir ay ərzində bu müəssisədə olan təkcə siyasi məhbusların yox, digər məhbusların da problemlərini mətbuatda işıqlandıraq”.


İlqar Məmmədov 2013-cu ilin yanvarında İsmayıllı rayonundakı hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan mərhum edilib. Ötən il Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun azad edilməsi ilə bağlı qərar qəbul edib.

Ana səhifəVideo“İlqar Məmmədova heç bir təzyiq yoxdur” (VİDEO)