İlqar Məmmədov ”yükü” (VİDEO)

İlqar Məmmədov 1970-ci ildə anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakultəsini bitirib. Azərbaycanda ilk dəfə parlament səsvermələrinin riyazi təhlil metodikasını təklif və tətbiq edib.

Həmçinin 2007-ci ildən etibarən Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsinində çalışıb. Respublikaçı Alternativ Hərəkatın təsisçilərindən biri olub.

Həbs olunma ssenarisi ölkə hakimiyyətini kəskin tənqid etməsi ilə yazılmağa başlayan İlqar Məmmədov, İsmayıllı hadisələrində ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak, o cümlədən güc tətbiq etməklə polisə müqavimət göstərmək maddəsi ilə sonluq tapır. İlqar Məmmədov və Müsavatın başqan müavini Tofiq Yaqubluya qarşı cinayət işi başlanır. Həbsin motivləri ölkə daxilində və xarici aləmdə siyasi olduğu iddia edilməyə başlanır. Beynəlxalq Hüquq Müdafiə təşkilatları İlqar Məmmədovun dərhal azad olunmasını tələb edir. Bunlara cavab olaraq Azərbaycan məhkəmə sistemi İlqar Məmmədov və Tofiq Yaqublunu 7 və 5 il müddətinə azadlıqdan məhrum edir. İlqar Məmmədovun vəkili Xalid Bağırov isə Məmmədovun məhkəməsində “Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur” dediyi üçün vəkillər kollegiyasından çıxarılır.

İlqar Məmmədov barədə medaida gedən xəbərlər heç də ürəkaçan deyil: Həbsxanada İlqar Məmmədovun əfv ərizəsi yazması tələb edildi. Karsa salındı. Evə zəng etmək hüququndan məhrum edildi. Və döyüldü.

Vəkili Fuad Ağayev deyir ki, Avropa Məhkəməsinin Məmmədov barədə yubadılmadan azad edilmə qərarı var. Azərbaycan hakimiyyəti isə bu qərarı hələ də yerinə yetirmir.

Əksinə İlqar Məmmədov 16 Oktyabr 2015-ci ildə 2 saylı Cəzaçəkmə Müəssisəsində müəssisə rəisi Eyvaz Əsgərovun xidməti otağında döyülüb. Üstəlik rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə onun buradan sağ-salamat çıxmayacağı bildirilib.

İlqar Məmmədov Azərbaycanda olan 100-ə yaxın siyasi məhbusdan biridir. Beynəlxalq təşklilatların Azərbaycan iqtidarını repressiv üsullardan əl çəkməyə və siyasi motivlərlə həbs edilən fəalların dərhal azadlığa buraxılmasına hakimiyyət növbəti həbslərlə cavab verir. Hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, İntiqam Əliyev, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi məhs İlqar Məmmədovun həbsindən sonra və beynəlxalq təşkilatların basqılarının fonunda həbs ediliblər. Azərbaycan iqtidarının dünya hüquq müstəvisində bütün normalara meydan oxuduğu açıq-aşkar göz qabağındadır. Rafiq Tağı deyərdi: „Quruca adı var – “prezident”. ”Prezident”, əslində, bir şah vəzifəsidir“.

Ana səhifəVideoİlqar Məmmədov ”yükü” (VİDEO)