O bunu seçkidəki uğursuzluqla əlaqələndirib
İlqar Məmmədov siyasi fəaliyyətini dayandırıb.
Bu barədə İlqar Məmmədov sentyabrın 21-də “Facebook” səhifəsində yazıb.
Sentyabrın 11-də REAL Partiyasının sədri vəzifəsindən istefa verən İlqar Məmmədov qərarını MSK-nın onun şikayətini rədd etməsi ilə əsaslandırmışdı:
“Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib. Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.
Sentyabrın 12-də partiyanın Siyasi Komitəsi İlqar Məmmədovun istefasını qəbul edib.
Bu gün isə İlqar Məmmədov yazıb ki, siyasətdən gedəcəyini 2023-cü ildə anons edib:
“2023-cü ildə həm prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəyimi demişdim. Cari ilin fevralında prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçdiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü”.
“Müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim. Nəhayət, üçüncü şərt, dairəni udmaq. 1998-ci ildə publik siyasi fəaliyyətə başladığım gündən indiyədək ölkədə altı dəfə yarışacağım parlament, iki dəfə prezident seçkisi keçirilib. 2000, 2013, 2015, 2018, 2020-ci illərdə namizəd olmağa qoymadılar. 2005-ci ildə səsverməni həqiqətən uduzdum. 2010-cu ildə çox güman uddum, amma saxtakarlıq baş alıb getmişdi. Bu il xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”, – deyə o qeyd edib.
“Bir çoxları soruşur: “Seçki saxta deyildimi, niyə istefa verdiniz”. Hər şeyi saxtakarlığın üstünə yıxmaq əlbəttə olardı. Amma 14 illik qadağadan sonra ilk dəfə qatıldığım 1 sentyabr seçkisində səs çoxluğunu qazansam da, səsvermənin əsl siyasi nəticəsi nə budur, nə də komissiyaların saxtakarlığı. Əsl siyasi nəticə – səsverməyə gəlməyən 90 faizin həlledici razılığı ilə Asim Mollazadənin altıncı dəfə millət vəkili olmasıdır. Qutuya topa-topa doldurulan bülletenlərin hamısı, hər bir dənəsi, səsverməyə gəlməyənlərin bülleteni idi. Kütləvi etirazın yoxluğunda bu halı ancaq xalqın hazırkı hakimiyyətə qeyd-şərtsiz dəstəyi kimi oxumaq lazımdır. 26 il uzunluğunda yoldan sonra mən də məhz bu cür oxumağa borcluyam”, – deyə İlqar Məmmədov əlavə edib.
O, baş verənlərdə məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb:
“Tamamən öz məsuliyyətimdir ki, uzun mübarizədə sərf etdiyim əməyə baxmayaraq, əhalinin böyük əksəriyyəti seçkiyə gəlməməklə indiki sistemdən öz razılığını ifadə edir. Bu sistemə hakim partiya, onun loyal peykləri və “radikal” müxalifət daxildir. Onların hamısı 30 ildir bir məqsədə – seçici fəallığının öldürülməsinə xidmət edir, çünki yaxşı anlayırlar: seçkidə miqyaslı, kütləvi iştirak tamamən başqa bir enerjili, saxtakarlığa qarşı immunitetli toplum və siyasi hərəkətlilik yaratmağa qadirdir. Məsuliyyətimin etirafı ilə yanaşı, indiyədək keçdiyim yol ilə fəxr etdiyimi də vurğulamalıyam”.
Ancaq İlqar Məmmədov qurultaya qədər REAL Siyasi Komitəsinin üzvü qalacağını da qeyd edib:
“Partiyanın tapşıracağı təşkilati işlərlə məşğul olacam. Publik siyasi, iqtisadi, beynəlxalq və sairə müzakirələrə verdiyim töhfəyə tələbatın yoxluğu seçkilərin geniş siyasi nəticəsində öz təsdiqini tapdı deyə, belə müzakirələrdə daha yoxam. Bircə 1998-2024-cü illərdəki fəaliyyətim dövründə ölkəmizin nələr yaşadığına bəzən aydınlıq gətirə bilərəm. Siyasi səhnəyə qayıdışım isə uca xalqımızın seçkiyə tələbkar çağırışı ilə gerçəkləşə bilər”.
İlqar Məmmədov sentyabrın 1-də keçirilən erkən parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçkilərə qatılmışdı. Bu dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib elan olunub.
Bu gün MSK İlqar Məmmədovun şikayətinə baxıb və 3 məntəqənin nəticələrini etibarsız elan edib.
İlqar Məmmədov 2010-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədri idi.
Hərəkat 2008-ci ildə təsis olunub.
2020-ci ilin avqustunda partiya olaraq dövlət qeydiyyatına alınıb.
İlqar Məmmədov 2013-cü ilin yanvarında Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Avropa Məhkəməsi 2014-cü ildəki qərarı ilə onun siyasi səbəblə həbs edildiyi haqda qərar çıxarıb.
2018-ci il avqustun 13-də İ.Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymayıb, çünki 2019-cu il mayın 29-da Avropa Məhkəməsi daha bir qərar verərək Azərbaycanın İlqar Məmmədov işində Şuradakı üzvlük öhdəliklərini pozduğunu bildirmişdi.
Ancaq 2020-ci ilin aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb və Azərbaycan üzərindən üzvlükdən çıxarılma təhlükəsi götürülüb.