İlqar Məmmədov Cənub Qaz Dəhlizinin demokratiyaya təsirindən yazdı

”İlham Əliyev ”kosmetik” islahatları nəticəsində istədiyinə nail olacaq”

Source:


”İlham Əliyev ”kosmetik” islahatları nəticəsində istədiyinə nail olacaq”

“Məhz beynəlxalq tərəfdarları sayəsində “ağıllı diktatorlar” demokratları həbsdə saxlayır və siyasi məhbuslar məyus olur”.

Bu sözlər ReAL Hərəkatının lideri, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus saydığı İlqar Məmmədovun

“OpenDemocracy”

saytına yazdığı məktubundandır.

Azadlıq Radiosu

həmin məktubu tərcümə edib.



“Məni həbsə atanların cəzası hələ də verilməyib”

İlqar Məmmədov yazır ki, Azərbaycanın enerji yataqlarına qoyulan xarici sərmayə onun kimi siyasi məhbusları Əliyev rejiminin girovuna çevirir:

“Avropa Şurası mənim azadlığımın Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində qorumanın bütöv arxitekturasından ötrü vacib olduğunu bildirir, amma məni həbsə atanların cəzası hələ də verilməyib. Bu, Avropanın maraqlarından doğur. Bəli, Cənub Qaz Dəhlizinin (CQD) sayəsində 16 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarlarına çıxarılacaq. Bununla Avropanın Rusiyadan asılılığı azalacaq.

Cənub Qaz Dəhlizi layihəsi istənilən demokratik hakimiyyətin ürəyindən olardı. Hakimiyyətdə kim olur, olsun, bu layihəyə razılıq verər, sonra başqa əhəmiyyətli iqtisadi planlara baxardı. Amma inhisarlaşmanın olmadığı, rəqabətə əsaslanan iqtisadiyyat üçün bu layihə həyati əhəmiyyət daşımazdı. Ancaq İ.Əliyevin güclə nəfəs alan atasını Türkiyənin hərbi hospitalından ABŞ-ın ən yaxşı klinikasına Rusiyanın dövlət təyyarələri aparandan sonra… bütün hakimiyyətə yiyələnən bu şəxs böyük qüvvələrlə hesablaşmağa, sonra da belə sövdələşmələrlə daxildəki siyasi dissidentləri basqı altında saxlamağa öyrəşdi”.



İlqar Məmmədov Vaşinqtonu qərarsızlıqda ittiham edir

ReAL sədri yazır ki, İlham Əliyev Cənub Qaz Dəhlizini Qərbə hətta hədiyyə kimi təqdim etmək niyyətində imiş, bütün layihəni maliyyələşdirməyi planlayırmış və bunun müqabilində Qərb Azərbaycanda insan haqları və demokratiyadan danışmamalı imiş:

“Yəqin bu siyasətə güvənərək, Azərbaycan hakimiyyəti 2013-cü ildən vətəndaş cəmiyyətinə görünməmiş hücumlara başladı.

Yalnız neft ucuzlaşdığından layihənin Azərbaycana düşən payını 4 beynəlxalq maliyyə institutunun – Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankının köməyiylə ödəmək qərarına gəldilər”.

İlham Əliyev foto sosial şəbəkə

ReAL sədri Vaşinqtonu qərarsızlıqda ittiham edir və xatırladır:

“Bütün bunlardan sonra Qərb – ABŞ, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (EITI) qrupu Azərbaycan qarşısında tələblər qoydu. EITI Azərbaycanın vətəndaş cəmiyyətinə münasibətini dəyişməsini, basqılara son qoymasını, QHT-lərin maliyyələşdirilməsinə və qeydiyyatına dair qanunlarını ləğv etməsini istəyib, Azərbaycanı üzvlük statusundan məhrum edib. 2016-cı ilin oktyabrında isə EITI Şurası toplanıb, Azərbaycandakı durumu müzakirə etməzdən öncə şuraya müraciət göndərib ölkədəki durumdan yazdım. Məhz vətəndaş cəmiyyətinə basqılara görə Azərbaycanın bu quruma üzvlük statusunun geri qaytarılmadı. Amma ABŞ-ın şuradakı mövqeyi çoxu kimi məni də məyus etdi. Bununla belə, ABŞ rəsmilərinin mənim azadlığa buraxılmağımla bağlı çağırış və təşəbbüslərini yüksək qiymətləndirirəm. Amma ABŞ-ın EITI-dəki təmsilçisi Mary Warlick-in müzakirələr zamanı Azərbaycan hakimiyyətini müdafiə etdiyini də vurğulayır. Bu çıxış Vaşinqtonun Cənub Qaz Dəhlizinin tikintisinə nəyin bahasına olur, olsun nail olmağa çalışdığını göstərir”.




“Azərbaycanın siyasi məhbusları CQD-nə xərclənən pullara dəyməyə bilər”

ReAL lideri Avropadakı qurumların onun və digər siyasi məhbusların həbsinə diqqətindən razılığını vurğulayır. Onu da bildirir ki, bu diqqət hələ ki, nəticəsiz qalıb və beynəlxalq maliyyə institutlarının Cənub Qaz Dəhlizinə vəsait ayırdığını həbsdən təəssüflə izləyir.

foto sosial şəbəkə

İlqar Məmmədov ehtimal edir ki, ən yaxşı halda EITI-nin martdakı görüşünə qədər əfv diləyən bəzi məhbuslar buraxıla bilər:

“Beləliklə, İ.Əliyev “kosmetik” islahatları və geosiyasi maraqları üstün tutan müttəfiqlərinin yardımı nəticəsində istədiyinə nail olacaq. Azərbaycanın siyasi məhbusları CQD-nə xərclənən pullara dəyməyə bilər, amma Avropa dəyərləri bəlkə də dəyir. İndi biz təzyiqlərə müqavimət yollarını və beynəlxalq şərtlərlə ayaqlaşmaq məsələsini gözardı etməməliyik. Çünki bizim dinc cəhdlərimizin bəhrəsiz olduğunu görənlər, ədalətsizliyə son qoymaqdan ötrü daha radikal vasitələrə əl atırlar”.

Ana səhifəAnalitikaİlqar Məmmədov Cənub Qaz Dəhlizinin demokratiyaya təsirindən yazdı