”İlqar Əliyev getdi, indi də Mirəziz belədir, yəqin növbə mənimdir”

Akif Çovdarov səhhətindən gileylənir

Source:


Akif Çovdarov səhhətindən gileylənir

Fevralın 15-də Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birlikdə həbs edilən Akif Əliyev, Səlim Məmmədov, Orxan Osmanovun məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin iclasda iştirak etmədiyi və bu halda məhkəmənin keçirilməsinin mümkün olmadığı bildirilib. Bu zaman A. Çovdarov qısa çıxış edib. O, səhhətinin ağır olduğunu deyib: “Hazırda istintaqı davam etdirilən nazirliyin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi Mirəziz Əsgərov insult və ağır ürək çatışmazlığından əziyyət çəkdiyi üçün dünən müalicə müəssisəsinə aparıldı. Mirəziz dəfələrlə müayinə və müalicə tələb etdiyi halda ona heç bir ixtisaslı həkim-kordioloq tərəfindən yardım göstərilmədiyini söylədi. Həmçinin mən də eyni vəziyyətdəyəm. Çox əziyyət çəkirəm. İlqar Əliyev belə getdi, indi də Mirəziz. Yəqin bu dəfə növbə məndədir”.

Məhkəmə prosesi fevralın 20-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”İlqar Əliyev getdi, indi də Mirəziz belədir, yəqin növbə mənimdir”