”MSK-nın növbədənkənar seçkinin keçirilməsi qərarı qanunsuzdur və ləgv olunmalıdır”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq doktoru İlqar Altay 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı Avropa Şurasının Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına, Baş Katibinə və digər demokratik ölkələrin rəhbərlərinə müraciət edib.
O, hakim partiyanın namizədi, hazırkı prezident İlham Əliyevin dördüncü dəfə yenidən prezident olması üçün manipulyativ və ədalətsiz şərait yaratdığını iddia edərək bildirib ki, 5 fevral sərəncamına uyğun, seçki legitimliyini təmin edəcək kifayət qədər hüquqi əsaslar yoxdur.
Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının 11 aprel tarixdə növbədənkənar prezident seçkiləri keçirilməsi barədəki 6 fevral qərarı əsassız və qanunsuzdur.
İ.Altay qeyd edib ki, komissiya həmin qərarında öz müstəqil ali qürum və düşünmə səlahiyyətini kənara qoyub avtomatik, prezidentin bu barədəki 5 fevral tarixli sərəncamına və Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməkdə səhv və qanunsuz addım atıb. Çünki bu maddə Konstitusiya təqviminə uygun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox.
“Hesab edirəm ki, MSK bunları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa 1-2 ay sonraya, may-iyun dövrünə təyin etməli idi. Bununla mənim də Konstitusiya üzrə seçilmə-passiv seçki hüququ olan vətəndaş kimi seçki hüququm pozulub. Belə ki, seçkilərin qanuni təqvim üzrə 17 oktyabr tarixdə keçiriləcəyinə arxayın olaraq seçki təyini vaxtı xarici ölkədə klinikada cərrahi əməliyyat üçün müayinədə olmuşam və seçki marafonuna çata bilməmişəm”.
O vurğulayıb ki, prezidentin növbədənkənar seçkil ilə barədə sərəncamında bu fövqəladə qəfləti dəyişikliyin səbəbinin göstərilməməsi, Konstitusiyada da buna səbəb-əsas göstərilməməsi, sonrakı MSK qərarının və hakimiyyətin ən yuxarı eşelonundakı təmsilçilərinin belə bu səbəbi konkret göstərə bilməməsi seçicilər və seçilənlər, bütün xalq və cəmiyyət üçün dərin müəmma və narahatlıq, eləcə də nigarançılıq, stress-şok yaradır.
“Xalqın seçki əhvalını, seçim iradəsini heçə endirir. Artıq seçki təyini sərəncamından 5 həftədən çox keçməsinə baxmayaraq, seçkilərin birdən-birə 6 ay qabağa çəkilməsinin səbəbi və izahı barədə nə Prezidentin xalqa müraciəti, nə onun sözçülərinin və ya ölkənin yuxarı şəxslərinin dövlət adından konkret rəsmi açıqlaması olmayıb. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin keçirilməsini mümkünsüz edən bütün bu faktları nəzərə almadan, seçkilərə start verməklə Konstitusiyanı və seçki Qanununu pozub. MSK-nın bu əsassız və qanunsuz qərarı ilə nəinki passiv hüququ olan seçilənlərin və mənim, həm də xalqın seçici çoxluğunun iradəsinin qapanması ilə hüquqları pozulmuş olur. Belə bir vəziyyətdə Mərkəzi Seçki Komissiyasının növbədənkənar seçkinin keçirilməsi qərarı qanunsuzdur və ləgv olunmalıdır’’
İlqar Altay beynəlxalq təşkilatlardan 11 aprel növbədənkənar seçkinin nəticəsini tanımamağı xahiş edir:
“Sizin Azərbaycanda demokratik, sivil, qanuni siyasi rejimin qurulmasında maraqlı olduğunuzu əməli nümayiş etdirəcəyinizə, xalqımızı bu beynəlxalq hüquq normalarını, insan hüquqlarını tapdalayan antidemokratik diktatura avtoritarizmi rejimi ilə mübarizədə tək qoymayacağınıza ümid edirəm”.
Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ilin oktyabr ayında keçirilməli idi. 2018-ci il fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edilib.
Hazırda MSK prezidentliyə 7 nəfər namizədi qeydə alıb – hazırki dövlət başçısı İlham Əliyev, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasınən sədri Fərəc Quliy, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.