Nərmin Quliyeva cinayəti üzrə bu dəfə Gəncə Apelyasiya Məhkəməsində araşdırmalar başlayır
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilən İlkin Süleymanov yenidən məhkəmə qarşısına çıxarılır. Onun hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Nərmin Quliyevanın oğurlanıb öldürülməsiylə bağlı cinayət işini bu dəfə Gəncə Apelyasiya Məhkəməsində Teyyib Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Məhkəmənin ilkin baxış iclası avqustun 8-nə təyin olunub.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərizndə – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsi olaraq, iyunun 5-də çıxarılan hökmün nəticəsindən tərəflər narazı qalıb. İlkin Süleymanov və yaxınların hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.
Qarşı tərəf isə İlkin Süleymanova kəsilən 18 il azadlıqdan məhrumetmə cəzasını yüngül cəza sayır. Nərmin Quliyevanın valideynləri hesab edir ki, o, ömürlük azadlıqdan məhrum edilməliydi.