İlkin Rüstəmzadə: Əlimi arxadan qandallayıb, saçımı qırxdılar

“Tam güclərilə üstümə gəlirlər və bundan sonra nə olacağını bilmirəm”

Source:
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə


“Tam güclərilə üstümə gəlirlər və bundan sonra nə olacağını bilmirəm”

“Əsgər ölümünə son!” aksiyalarının təşkilatçılarından olan İlkin Rüstəmzadə həbsxanadakı saxlanma şəraitindən narazıdır. O, bu barədə ictimaiyyətə ünvanladığı müraciətində deyib. Telefon vasitəsilə narazılığını çatdıran gənc fəal deyib:

“Artıq 6-cı ildir ki,həbsdəyəm. Və ilk dəfədir ki,özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar… Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır”.

İlkin Rüstəmzadə ona edilən təzyiqlərdən də danışıb:

“Əllərimi arxadan qandallayıb saçımı qırxdılar. Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr: “Sıra yoxlamasına niyə çıxmırsan?” Çıxmışam! “Gəl, izahat yaz. Töhmət, get”.

İsveçdə yaşayan qız dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər: “Bu, haranın kodudur belə? Nə? İsveç? Xatalı ölkədir, olmaz”. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat olundum. Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim. Həkimin mənə əməliyyatdan sonrakı sözü: “Bilirik əməliyyat olunmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibbi hissədə qalmağına icazə verilmir”.

İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərilə üstümə gəlirlər və bundan sonra nə olacağını bilmirəm”.

Həftəsonu olduğundan Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb – istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun “YouTube”-da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib. Lakin İlkin Rüstəmzadə hələ də həbsdədir. Yaxınları bunu NİDA-çının əfv ərizəsi yazmaması ilə əlaqələndirirlər.

Ötən il iyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi İlkin Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Ana səhifəXəbərlərİlkin Rüstəmzadə: Əlimi arxadan qandallayıb, saçımı qırxdılar