FED-in yeni qərarı Azərbaycana necə təsir göstərəcək?
Dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Nəticədə FED uçot dərəcəsini 0,25-0,50 faiz artırıb. Sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırmışdı.
Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.
Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Dolların möhkəmlənməsi isə manata təzyiqi artıracaq.
İqtisadçı Vüqar Bayramov “Facebook”da yazır ki, FES qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verib. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsini müşahidə edirik. Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verib. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir.
Vüqar Bayramov deyir ki, əksər inkişaf etməkdə olan ölkələr o cümlədən Azərbaycan üçün FES-in uçot stavkasını artırması və xüsusən də möhkəm dollar iqtisadi baxımdan arzuolunan deyil. FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır:
“Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir. Dekabrda dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot stavkasının artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı bütün senarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankın bu senariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Xüsusən də, bu gün valyuta hərracının keçirildiyini nəzərə aldıqda ilkin reaksiyaları müşahidə və eləcə də hazırlığı etmək mükün olacaq. Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər”.
İqtisadçı yazır ki, qlobal neft bazarı da FES-in qərarına reaskiya verdiyi üçün bu dövlət gəlirlərimizə də təsirsiz ötüşməyəcək. Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bundan xəbər verir. Dolların bahalaşması fonundan ABŞ da neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FES-in son qərarından sonra neftin qiymətlərinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə ABŞ-dan deyil, eyni zamanda, Kanadanın hasilatından gedir”.
Vüqar Bayramov deyir ki, FES gələn il də uçot stavkasını artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bankın meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir:
“Beləcə, FES-in uçot stavkasını artırması Azərbaycanda da dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq”.