O gün Xocalı faciəsi tədbirləri barəsində olan xəbərlərə ancaq axşam fürsət tapıb, baxa bildim.Əksər xəbərlərə baxış sayı, bir gün əvvəl dünyasını dəyişmiş İlhamə Quliyeva haqqındakı xəbərlərdən qat-qat az idi.
Daha sonra qarşıma “Sevişmə sonrası qadın olmadım mən!” başlıqlı yazı çıxdı.Yazının hər zamankı kimi boş cinsəllik mövzularına aid olan yazılardan olduğunu güman edib, daxil olub oxumadım. Sonra təsadüf nəticəsində oxudum və öyrəndim ki,bu yazı ağır işgəncələrə məruz qalmış qızcığazın, Xocalıda gördüyü dəhşətə həsr edilmiş hekayədir.
Bəlli ki, yazıya ad fikirləşənlər əksər oxuyucularımızın nələrə maraq göstərdiyinə bələdmiş. Amma toxunacağım mövzu bu deyil.
Daha sonra Mədəniyyət və Turizm Naziri Əbulfəs Qarayevin məlum “şəhid” ifadəsinə rast gəldim. Özümdən çıxdım, əsəbiləşdim, söydüm-söyləndim. Amma çox çəkmədi, mətbəxə gedib, çay süzüb gələndən sonra artıq unutmuşdum.Sonradan bu ağır ifadənin necə böyük saymazlıq olduğu barəsində fikirləşdim. Bunu niyə belə tez unutduğum, niyə rahat həzm elədiyim barəsində düşünməyə başladım.
Çünki mənim kimi, əksər insanlarımızda da bu duyğular ani və keçici olurdu. Heç nə olmamış kimi, unudulurdu.Təkcə Mədəniyyət və Turizm Nazirinin həmin gün səsləndirdiyi ifadəni nəzərdə tutmuram. Çünki indiyə qədər hökümət rəsmilərindən və onlara yaxın incəsənət nümayəndələrindən xalq əleyhinə çoxlu təhqirlər görmüşük və görünən o ki, o gün edilən saymazlıq da sonuncu deyil.
Bəs, nədir bütün bunları rahatca həzm etməyimizə səbəb?
Səbəb insanımızda milli kimliyin formalaşmaması ola bilərmi? Yəni bizi xalq olaraq bir tutan dəyər, bir azərbaycanlı kimliyinin olmaması?
Baxın, hətta doğulduğumuz bölgələrə olan bağlılıq, bu milli kimlikdən daha öndə gəlir. Bir bölgə və ya bölgə insanının təhqir olunması, xalqın təhqir olunmasından daha çox hiddətləndirir bir azərbaycanlını.
Bunun əyani sübutlarını yaxın illərdə görmüşük.
Bəs, nə mane olur bizə xalq olmağa?
Bunun cavabını hələ tapa bilməmişəm, amma əvəzində bizə “düşmən xalq” olaraq təqdim olunan ermənilərə baxa bilərik.
Məsələn, bir neçə il öncə sui-qəsd nəticəsində öldürülən Hrant Dink, “Erməni soyqırımı” iddiasını birmənalı qarşılamırdı. Hətta ermənilərin 1918-ci ildə azərbaycanlıları qətl elədiyini bəyan edirdi. “Erməni soyqırımı” onun üçün önəmsiz və üstündə durulmayacaq bir məsələ idi və bəzi çıxışlarında da Erməni Diasporasına bu iddialarından əl çəkməsini,”soyqırım-soyqırım” deyib, israr etməmələrini məsləhət görmüşdü.
Onu kimin və nə üçün öldürdüyünü dəqiq deyə bilmərəm. Amma görünən budur ki, onun xalqı Hrant Dinki “Erməni dəyərləri uğrunda həlak olan bir qəhrəman” kimi dünyaya təqdim edə biliblər. Yəni, çoxluğa əks fikirli bir ermənini kəsib, atıb, uzaqlaşdırmayıblar.
Niyyətim erməniləri tərifləmək deyil. Sadəcə, ciddi, tolerant xalq olmağımızın labüdlüyünü çatdırmaqdır. Ermənilər biz qəbul etsək də, etməsək də xalqdır. Ortaq hədəfləri, maraqları, dəyərləri var.
Biz isə çox təəssüf ki, pərən-pərən olmuş, bölgələrə, yurdlara qədər bölünmüş və xalq olmağı günü-gündən unutmağa üz tutmuşuq.
Məncə, artıq xalq olmaq yoluna qədəm qoymalıyıq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…