İlham İsmayıl: “Məni heç kim həbs etməyib ki, sonra da azadlığa buraxsın”

Yenilənib

İlham İsmayıl, Foto: Meydan TV

Dələduzluq ittihamı ilə saxlanıldığı bildirilən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə əlaqədar Meydan TV-yə danışıb.

“Məni heç kim həbs etməyib ki, sonra da azadlığa buraxsın. Sadəcə olaraq, oğlumla bağlı məsələ ilə əlaqədar sentyabrın 25-də Nəsimi Rayon Polis İdarəsinə çağırılmışam. İzahatım alındıqdan sonra sərbəst buraxılmışam. Bir nəfər oğluma pul göndərib ki, ona Almaniyadan maşın alıb göndərsin. Oğlum isə pulu başqa istiqamətə yönəldib və deyib ki, maşını növbəti iş zamanı göndərəcək. Sonradan oğlum bankrot olub, problem yaranıb və maşını göndərə bilməyib”, – İlham İsmayıl bildirib.

İlham İsmayılın sözlərinə görə, bundan sonra həmin şəxs hüquq-mühafizə orqanlarına şikayət edib və Azərbaycanda yaşadığına görə onun adını çəkib:

“Bu məsələyə mənim heç bir aidiyyətim yoxdur. Mənə aid olan yeganə məsələ odur ki, mən onun atasıyam. Şikayətçilər isə əlləri oğluma çatmadığı üçün adımı hallandırıblar. Heç bir ticarət fəaliyyəti ilə məşğul deyiləm, bu işin içində də olmamışam və ümumiyyətlə, bu barədə heç nə bilmirəm. Mətbuatda yazılanlara gəlincə, şikayətçi özü Unikal.az saytına şikayət edib. Onlar isə məlumatı dəqiqləşdirmədən, mənimlə əlaqə saxlamadan bu informasiyanı yayımlayıblar”.

Nəsimi Rayon Məhkəməsindən isə bildirilib ki, İlham İsmayıl barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

“Bildiririk ki, hüquq-mühafizə orqanlarından İlham İsmayıl barəsində hər hansı qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə heç bir material daxil olmayıb və məhkəmə bu cür tədbirlər görməyib”.


Sentyabrın 25-də dələduzluq ittihamı ilə saxlanıldığı bildirilən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl polis nəzarətinə verilərək sərbəst buraxıldığı bildirilir.

Ailəsindən Meydan TV-yə verilən məlumatda deyilir ki, o, artıq sərbəst buraxılıb.

“İlham İsmayıl artıq azadlıqdadır və onun heç bir günahı yoxdur, ona böhtan, şər atmışdılar”, – ailəsindən bildirilib.

İlham İsmayıl özü isə yerli medialara bildirib ki, onun haqqında yayılan məlumatların əksəriyyəti həqiqətəuyğun deyil və əsassızdır. O, vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli etməyib və bu iddialar tamamilə yalandır.

Ötən gün yerli saytlar İlham İsmayılın polis tərəfindən saxlanıldığını bildirmişdi.

İlham İsmayıl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. 

Məlumatda qeyd olunurdu ki, İlham İsmayıl xaricdə yaşayan oğlu Cavidan İsmayılzadə ilə əlbir olaraq vətəndaşa qarşı dələduzluq əməlində ittiham olunur və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Cinayət Məcəlləsinə görə 178.2.4-cü maddə ilə törədilmiş dələduzluq əməlinə görə, 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətİlham İsmayıl: “Məni heç kim həbs etməyib ki, sonra da azadlığa buraxsın”