İlham İsmayıl: “İndiyə qədər gizli fəaliyyət göstərən “beşinci kalon” üzvləri açıq müstəviyə keçirlər”

“Avrasiya Hərəkatı kimi təşkilatlar fəaliyyətini genişləndirsələr, Milli Təhlükəsizlik Konsepsiyasının əleyhinə gedəcəklər”

Source:


“Avrasiya Hərəkatı kimi təşkilatlar fəaliyyətini genişləndirsələr, Milli Təhlükəsizlik Konsepsiyasının əleyhinə gedəcəklər”

Avrasiya Hərəkatının yaradılması barədə informasiyalara hökumət rəsmilərinin susqunluq nümayiş etdirmələri bu yöndə yaranmış sualların sayını artırır. Hərəkatın təsisçiləri sırasında sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov və ədliyyə generalı İlqar Qasımovun adının hallanması sıradan bir olay sayıla bilməz.

Keçmiş MTN polkovniki İlham İsmayıl təşəbbüs qrupunun yaradılmasında qanuna zidd heç nə görməsə də, bu məsələnin dövlət siyasəti olmasını nəzərə alıb hökumətin prosesi nəzarətdə saxlamasını vacib saydı. Çünki perspektivdə Azərbaycanın müstəqilliyinin sual altında olması yarana bilər.

İlham İsmayıl Meydan TV-nin bu barədə suallarını cavablandırarkən bildirdi ki, Rusiya prezidenti Putin onsuz da Azərbaycanı Avrasiya İttifaqına dəvət edir, çox yaxşı idisə, hakimiyyət o saat qərar verərdi: “Deməli, bu məsələdə Azərbaycanın maraqların xələl gətirən məqamlar var. Azərbaycan dövlətinin maraqlarını daha çox hökumət qoruya bilər, çünki ictimai təşkilatlar daha əhatəli və ciddi informasiyalara malik olmadıqlarından bu cür məsələlər dövlətin nəzarətində olmalıdır”.

Hərəkatın  yaradılmasının mənfi tərəfinə gəldikdə, İlham İsmayıl bildirdi ki, artıq uzun müddətdir səslənən “beşinci kalon”un ictimai təşkilat şəklində rəsmiləşməsi baş verdi: “İndiyə qədər gizli formada fəaliyyət göstərən “beşinci kalon” üzvləri açıq müstəviyə keçirlər. Bilirsiniz, istər Qərb, istərsə də Şimalyönlü olsun, ictimai təşkilatların yaradılması Azərbaycanın xarici  siyasətini həll etmir. 2007-ci ildə Azərbaycan prezidentinin  qəbul etdiyi AR Milli Təhlükəsizlik Konsepsiyası var. Konsepsiyada göstərilir ki, Azərbaycanın perspektivi Avroatlantika məkanına inteqrasiya etməkdir. Sənəddə Rusiya ilə bağlı hansısa qurumda iştirakdan söhbət getmir, sadəcə, qonşularla normal münasibət saxlamaqla Avroatlantik məkana inteqrasiya xətti seçilir. Deməli, bu cür təşəbbüs qrupları fəaliyyətlərini genişləndirsələr, konsepsiyanın əleyhinə gedəcəklər”.

“Belə təşəbbüslər hansı amillərdən qaynaqlanır” sualına İlham İsmayıl cavab verdi ki, son vaxtlar Azərbaycan məmurlarının anti-Qərb ritorikası artıb: “Bu adamlar düşünürlər ki, rəsmilərimiz Qərbə qarşı qəzəblidirlər və Rusiya prezidentinin, məmurlarının Azərbaycanın maraqlarına uyğun olmayan addımları heç vaxt tənqid olunmursa, onların addımları da dövlətin mövqeyi ilə üst-üstə düşür. İlk anda belə görünə bilər və bu adamlar görünən tərəfə “aşiq” olublar. Amma xarici siyasətin görünməyən tərəfini dövlət özü müəyyənləşdirir. Bəli, dövlət rəsmilərinin də qəbul etdikləri hansısa qərar yanlış ola bilər. Amma cəmiyyət bilməlidir ki, ölümə məhkum olunmuş adam həbsdən azad edilir və uzun müddət susqunluqdan sonra Nəriman İmranov belə təşəbbüsdə bulunur, o cümlədən, İlqar Qasımov da. Ona görə də Avrasiya Hərəkatı  onların şəxsi təşəbbüsü deyil, hardansa qaynaqlanır və ya təlimatlandırılır. Düzdür, birbaşa Rusiyanın adını çəkə bilmərik, amma Avrasiya İttifaqının özəyində Kremlin dayanması gizli deyil. Həm də hər iki şəxsin Rusiya ilə bağlılıqlarını nəzərə aldıqda təşəbbüsün özlərindən gəlmədiyi məlum olur”.

Ana səhifəXəbərlərİlham İsmayıl: “İndiyə qədər gizli fəaliyyət göstərən “beşinci kalon” üzvləri açıq müstəviyə keçirlər”