Dövlət başçısından qeyri-müəyyən siyasi cavab və ağırlaşan siyasi durum
Nəhayət ki, prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklərdən sonra ölkədə yeni, növbədənkənar prezident seçkilərinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirdi. “Sputnik” kanalına müsahibəsində “Prezident seçkilərinin vaxtı dəyişəcəkmi və siz seçkilərə gedəcəksinizmi?” sualına İlham Əliyev belə cavab verib: “Bizim prezident seçkilərinin keçirilmə vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bu barədə Azərbaycanda və onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə bir planımız yoxdur, mən buna ehtiyac da görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticələrə gəlmək və qərar vermək üçün hələ kifayət qədər vaxtımız var. Əgər o vaxt xalqın dəstəyini bu gün olduğu kimi hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.
Beləliklə, İlham Əliyev cəmiyyətə mesaj verdi. Ehtimal etmək olar ki, iqtidar “ən yaxşı yenilik elə köhnəliyin özüdür” şüarına üstünlük verəcək və ölkədə kataklizmlər yaşanmayacaqsa, seçkilər öncəsi qısa bir zamanda ölkə boyunca İlham Əliyevin növbəti prezidentliyini “tələb edən” “zəhmətkeşlərin” yığıncağı keçiriləcək. Ölkədə olan və bəzi tanınmış beynəlxalq sosioloji mərkəzlər İlham Əliyevin reytinqinin həddən ziyadə yüksək olması ilə bağlı məlumatlar yayacaqlar.
Ötən seçkilərdə də belə bir praktikadan istifadə edilib. Neft ölkəsi üçün belə bir nəticə əldə etmək çətin deyil. Bir sözlə, hakimiyyətin bu dəfə də köhnə texnologilardan istifadə edəcəyi heç kəsə sirr deyil.
Xatırladaq ki, Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ildə keçirilməlidir. 2008-ci ildə ikinci dəfə prezident seçiləndən sonra – 2009-cu ildə keçirilən referendumda ölkənin Konstitusiyası dəyişdirilib. Yeni dəyişikliklə İlham Əliyev dördüncü dəfə də prezident seçkisində iştirak edə bilər. Lakin hakimiyyətin fors-major situasiya üçün ehtiyat variantları da mövcud ola bilər. İlham Əliyev son anda öz namizədliyindən imtina edə və hakimiyyətin Qərb üçün (eləcə də Rusiya üçün) cəlbedici görünən digər namizədini dəstəkləyə, yaxın 7 ildə birinci vitse – prezident postu ilə kifayətlənə və bir sözlə, “Putin variantı”nı təkrarlaya bilər. Yeni namizəd dünya demokratiyasına bir “gender hədiyyəsi” kimi də təqdim oluna bilər. Bu halda hakimiyyət kənar qüvvənin nəzarətinə keçməməlidir. Eyni zamanda, yeni namizəd Azərbaycanı idarə edən maliyyə qruplarının gəlirlərinə müəyyən mənada zəmanətçi kimi də çıxış edə bilər.
Bu gün Qərbi düşündürən ən ümdə məsələlərdən biri lümpenləşdirilmiş siyasi qurumların hakimiyyətə gələ bilməsi ilə Azərbaycanda başlana biləcək yeni əmlak bölgüsü uğrunda savaşdır ki, bu, sabitliyin tamamilə pozulması demək olardı. Təbii ki, Qərb belə situasiyaya hazır deyil. Odur ki, maliyyə rıçaqlarına malik olmayan siyasi güc mərkəzlərinin hakimiyyət dəyişiklikləri zamanı yalnız “köməkçi element” kimi istifadə olunmasıdan söhbət gedə bilər.
Seçkilərə hələ vaxt qalıb. Buna baxmayaraq, əgər, Qərbin siyasi dairələri Azərbaycanda siyasi dəyişikliklərə nail olmaq istəyirlərsə, artıq bir neçə istiqamətdə iş aparılmalı idi. Birinci, Ukrayna və Gürcüstanda olduğu kimi, “demokratik inqilabın” ruporu ola biləcək yeni telekanallar və qəzetlər yaradılmalı idi. Digər tərəfdən, yeni siyasi komanda üçün zəruri olan maliyyə yardımlarının ayrılması məsələsi öz həllini tapmalı idi.
Və ən əsası növbəti mümkün dövlət başçısının cəmiyyətə yeni bir simada təqdim olunması prosesinə hazırlıq getməli idi. Bu gün İlham Əliyevdən başqa yalnız bir ictimai-siyasi xadimin bu istiqamətdə təbliğatı getməkdədir. Bu isə iqtidarın yeni – “ehtiyat planlarından” xəbər verir.
2018-ci il seçkiləri Qərb üçün də “sınma nöqtəsi”dir. Artıq araşdırmaçılar belə bir versiya irəli sürürlər ki, yeni namizəd “ikinci ailə”dən ola bilər.
Əgər hakimiyyət eyni şəxsin dördüncü dəfə prezidentliyinə “yaşıl işıq” yandırarsa, artıq növbəti siyasi amilin yalnız xaos ola biləcəyi ehtimalı yaranır. Bunu İlham Əliyev də anlayır və mesaj verir – hələ qərar qəbul etməmişəm. Lakin artıq iqtisadi böhran qabarıq şəkildə özünü büruzə verməkdədir. İrili-xırdalı şirkətlər az qala kütləvi ixtisarlara başlayıblar. Büdcənin vəziyyəti o dərəcədə bərbaddır ki, iqtidar “artıq yüklərdən” xilas olmağa məcburdur. Hakimiyyət üçün o qədər də asan olmayan dövr başlayır…