İlham Əliyevin şəxsi ideologiyası

“İlham özü yaxşıdır, ətrafı pis” təbliğatı

Source:

“Məmur özbaşınalığı” və yaxud “İlham özü yaxşıdır, ətrafı pis” təbliğatı – əsla hakimiyyətin və yaxud iqtidarın yox, İlham Əliyevin şəxsi ideologiyasıdır. Bu təbliğata görə İlham Əliyevin ətrafındakılar, bütövlükdə dövlətin məmur ordusu xalqa və dövlətə düşmən kəsilib, nəticədə İlham Əliyev xalq, dövlət uğrunda onlarla daimi mübarizə vəziyyətindədir, ancaq həmin harınlamış, quldur, korrupsioner məmurlar İlham Əliyevi aldadır, dinləmir, tapşırıqlarını yerinə yetirmirlər.

Bu təbliğatın iki başlıca hədəfi vardır:


Birinci hədəf – xalq ilə məmurlar arasında yarana biləcək birliyi pozmaqdır.

Azərbaycanda bir məmur öz düzgün fəaliyyətiylə xalqın gözündə azacıq yaxşı ad çıxararsa, xalq ondan razılıq etməyə başlarsa, bu, onun öz vəzifəsindən uzaqlaşdırılmasıyla nəticələnə bilər. Azərbaycanda məmur – pis olmalıdır. Yaxşı – ancaq bir nəfər ola bilər: o da İlham Əliyevdir. Bunu İlham Əliyevin şəxsi ideologiyası tələb edir. İlham Əliyev təkcə müxalif siyasi rəqiblərinə qarşı qısqanc deyildir, o, ətrafında da özündən aşağı adamlar görmək istəyir. Bunu duyan məmurlar Azərbaycan xalqına münasibətdə İlham Əliyevdən fərqli (yəni yaxşı) görünməkdən çəkinirlər. Əks halda, onlar vəzifələrini itirə bilərlər. Deməli, hansısa məmur barəsində kütləvi narazılıq yox, əksinə, kütləvi tərif onun İlham Əliyev tərəfindən cəzalandırılmasıyla nəticələnə bilər. Xalq tərəfdən azacıq da olsa xoş reaksiya alan bir məmur öz fəaliyyətini dərhal İlham Əliyevin adıyla təqdim etməyə çalışır ki, İlham Əliyevdə özünə qarşı yersiz şübhələr oyandırmasın. İlham Əliyevin gözündə yaxşı məmur olmaq üçün həmin məmurun xalqın gözündəki imici korrupsioner, quldur, harınlamış olmalıdır. Vəzifəyə təyin olunmaq və vəzifədə qalmağın şərti budur: öz təmiz və xalqa canıyanan imicinlə könüllü şəkildə vidalaşmaq və özünü İlham Əliyevdən çox-çox balaca göstərmək bacarığı.

Xalq isə sadəlövhcəsinə Elmar Vəliyevi, Vasif Talıbovu, Kamaləddin Heydərovu, Hacıbala Abıtalıbovu, Eldar Mahmudovu və başqa bunlar kimi ayrı-ayrı şəxsləri söyüb lənətləməklə məşğuldur. (Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsinin özü də İlham Əliyevin şəxsi ideologiyasını təsdiqləmək üçün quraşdırılmış təxribata oxşamırmı?!) Sosial şəbəkələrdə dövlətin məmur korpusuna qarşı kütləvi lənət və nifrət xalqın siyasi tələyə düşdüyünü göstərir. Ya da həmin lənət və nifrət selinin özü də trolların işidir. Məqsəd – xalqla məmur korpusu arasında düşmənçilik toxumları səpməkdir. Çünki İlham Əliyevi qorxudan ən böyük təhlükələrdən biri budur: xalq-məmurlar birliyinin yaranması.


İkinci hədəf – İlham Əliyevin özünü sosial narazılığın hədəfi olmaqdan yayındırmasıdır.

İllərdir aparılan “məmur özbaşınalığı” və “İlham yaxşıdır, ətrafı pis” təbliğatının ikinci məqsədi – İlham Əliyevi tənqidin, ifşanın və inkarın hədəfi olmağa qoymamaq, onu məmurlardan və yaxud dövlət qulluqçularından düzəldilmiş sipər və yaxud zireh arxasında gizlətməkdir. Bu sətirlərin müəllifi 2007-ci ildə məşhur “Alma” qəzetində “Azadlığın məntiqsizliyi” adlı məqaləsində belə yazmışdı: “Məsələn, ANS-in məmur özbaşınalığı ilə mübarizə aparan “İç Xəbər” layihəsi əslində siyasi sistemin özünü islah etməsinə, son nəticədə güclənməsinə xidmət edir”. (Ağalar Məmmədov. Aşma. I nəşr, 2012. səh. 121; II nəşr, 2014 səh. 123).

Avtoritar rejimlərdə qruplaşmalar bir qırağa dursun, heç dostluqlara da yaxşı baxılmır. Nəticədə bizdə ancaq qudalaşmaq yoluyla qohumluq birlikləri yarana bilir. Bu səbəbdən də bizdə hər bir məmur maraqlıdır ki, heç kimlə qruplaşmadığını, komandada tək – başqa sözlə, zəif! – olduğunu İlham Əliyevə göstərmək üçün, başqalarıyla konflikt vəziyyətində olduğunu sübut etsin. “Yeni Müsavat” və “Azadlıq” qəzetləri uzun illər, guya bir-birinin ayağının altını qazıyan yüksək çinli məmurların bir-biri əleyhinə göndərilmiş məlumatlarını dərc edərək, həm paketdə çatdırılan pullar qazanır, həm də bununla guya hakim komanda daxilində daşları tərpədərək komandanın dağılmasına nail olmağın xəyallarını qurarkən, əslində İlham Əliyevin “İlham yaxşıdır, ətrafı pisdir” ideoloji təbliğatına xidmət edirdilər. Elə həmin media orqanları, məsələn, Mehriban Əliyeva-Ramiz Mehdiyev müharibəsi haqqında quraşdırılmış nağılları illərlə cəmiyyətə yedizdirdilər. Bu qəzetlərdə tirajlanan məmurlararası müharibə nağılları İlham Əliyevin həmin xəyali müharibənin fövqündə, arxa cəbhədə – təhlükəsizlikdə qalmasını təmin edirdi.

Əslində ta başdan indiyədək bir tək qruplaşma, konflikt və yaxud qarşıdurma olmuşdur və vardır: bu da İlham Əliyev ilə məmur korpusu, İlham Əliyev ilə Dövlət aparatı arasındadır.

İlham Əliyevin tez-tez kamera qarşısında məmurlara barmaq silkələməsi, onları işdən çıxaracağıyla hədələməsi, danlaması və s. təsadüfi deyildir. O, məmurları nəzərdə tutaraq deyir: “Heç kim toxunulmaz deyil” və yaxud özü haqqında belə deyir:

“Hədəf – mənəm.” Bununla o, öz təbliğatçılarına aşağadakı təlimatı verir: “Hə, nə durmusuz, məmurları tənqid edin, onların korrupsiya əməllərini ifşa edin, villalarını çəkin göstərin, onları lap güllələyin, təki məni hədəfdən çıxarın!”

Hal-hazırda dövlət maşınının funksionerlərinə qarşı savaşın bayraqdarlığını edən “musavat.com”, “virtualaz.org” və başqa bu kimi birbaşa hakimiyyət tərəfindən maliyyələşdirilən media yiyələrinin gördükləri işin mahiyyəti də bundan ibarətdir. Onlar həm dövlətçilik donuna girib, bununla diluzunluq imtiyazı əldə etmək istəyir, həm də ayrı-ayrı məmurlar haqqında tənqid yazmaqla obyektiv jurnalistika maskasında, guya cəmiyyətdə demokratik mühit olduğunu göstərmək istəyirlər. İndi hətta hakimiyyətyönümlü bir çox deputat da məmur özbaşınalığından (bank müdirlərindən, televiziya rəhbərlərindən, nazirlərdən və b.) şikayətlənirlər. Son prezident seçkiləri göstərdi ki, bir tək İlham Əliyevi tənqid etməməyə razılaşmaq şərtilə, müxalifətçi olub hətta prezidentliyə namizəd kimi qeydiyyata alınmaq da olar. İndi məmur özbaşınalığından dəm vurmaq – İlham Əliyevə yaltaqlanmağın yeni növüdür.


Yanaşmamızı dəyişdirə bilərikmi?

Xalqı məmurlarla üz-üzə qoymaq – xalqı öz dövləti ilə və özü-özüylə üz-üzə qoymaqdır. Xalqın öz məmurlarını, başqa sözlə, özünü hədəfə çevirməsi – öz quyruğunu udan ilanın korluğuna bənzəyir. Belə çıxır ki, biz özümüzük özümüzə bütün pislikləri edən. Fəlsəfi terminologiyada belə hallara “özgələşmə” (özünə, öz əməyinə, öz taleyinə, öz gələcəyinə və s. yadlaşmaq) adı verilir. Əsl həqiqətdə isə özünə, öz gələcəyinə özgələşən – xalq deyildir; xalqa da, dövlətə də elə başdan üzü bəri özgə olan – İlham Əliyevdir.

Məmurlarımızın çoxu milli adamlardır, biri şairdir, biri bəstəkardır, biri müğənnidir və s. Axtarsaq, onların hamısı uşaqlıqda qaloş geyiblər, yumurta döyüşdürüblər, qoyun otarıblar, teldən araba düzəldib sürüblər, sevdikləri qızın dalısınca düşüblər, ona şeir yazıblar və s. Heydər Əliyevdən fərqli olaraq İlham Əliyev bunların heç birini etməyib, yaşamayıb, o, bircə dənə anadilli romanımızı oxumayıb, o, Novruzəlini tanımır, o, Molla Nəsrəddinin bir lətifəsini də bilmir, o, bilmir Təpəgöz kimdir, Məlikməmməd kimdir, o, əməyi tanımır, onun ovucları heç vaxt qabar olmayıb, o, heç vaxt ac qalmayıb, o, övladlarıyla ana dilimizdə danışmır, nəvələrini ana dilimizdə əzizləmir. O, məmurlarımızdan fərqli olaraq bizdən biri deyil. Belə bir şəxs bu xalqın gələcəyinə, müharibəsinə, tökülən qanlarına, göz yaşlarına, neçə yüz ildən sonra elan etdiyi müstəqilliyinə yiyə durarmı heç?!

Bütün problemləri məmurların boynuna yıxmaq siyasətini dövlətçilik sayanlar özlərini aldatmasınlar. “Məmurlar pis, bircə İlham yaxşıdır” təbliğatı, əksinə, xalqın öz dövlətinə məhəbbətini, öz dövlətçilik bacarığına inamını sarsıdır.

İndiki halda Azərbaycan xalqını və dövlətini – yüksək və orta ranqlı məmurlar qurtara bilər. Gəmini inadkarcasına buz dağına sarı sürən sükançının əlindən sükanı onun yan-yörəsindəkilərdən kiminsə qapıb alması daha realdır, nəinki gəminin zirzəmisində işləyən fəhlələrin, mətbəxində yemək bişirən aşbazların qiyamı və yaxud qıraq gəmilərdən gələn təzyiqlərin effektivliyi. Dövlət maşınımız ancaq məmurlarımızın timsalında təkamül və yaxud sıçrayış edə bilər.

İndiyədək belə bir cəhd olmayıb deməyə tələsməyək. General Rail Rzayevin öldürülməsi müəmmalı olaraq qaldı. İlham Əliyevin dostumuz olmayan Putinlə görüşündən dərhal sonra keçmiş MTN naziri Eldar Mahmudovu işdən çıxarması, ardınca həmin idarənin bir generalının həbsdə guya özünü öldürməsi, MTN-nin nə üçünsə yerli-dibli ləğv edilməsi, bir neçə ay sonra M.Əliyevanın vitse- prezident təyin edilməsi zərurəti, bunun ardınca orduda onlarla əsgər və zabitin vətənə xəyanət adıyla müəmmalı şəkildə öldürülməkləri və s. – bir sıra şübhələr doğurmaya bilməz. Olmaya, Azərbaycanda da “15 iyul” hazırlanırmış? Railrzayevlər, eldarmahmudovlar, öldürülən əsgər-zabit heyəti və b. gələcəkdə yazılacaq tarix kitablarının qəhrəmanlarıdırlarmı yoxsa? Bütün bunlar onu göstərir ki, Azərbaycan Dövlətinin içində “kralın çılpaq olması”nı görən məmurlar da var. İlham Əliyev təkcə küçələrdəki xalqdan qorxmur, həm də və bəlkə də daha çox, xalqın onun kabinetinə girib-çıxa, ümumiyyətlə, ona yaxınlaşa bilən vəzifəli nümayəndələrindən də qorxur. Mehriban Əliyevanın vitse- prezident təyin edilməsinin səbəbi də elə bu qorxu idi: İlham Əliyevin dublikatının (kserksinin) çıxarılıb, ehtiyatda saxlanması.

Azərbaycan dövləti yaşayıb və yaşayırsa, beynəlxalq danışıqlarda Qarabağ hələ güzəşt edilməyibsə və s. bütün bunlar üçün biz Azərbaycan Dövləti aparatında – Prezident Administrasiyasında, nazirliklərdə, səfirliklərdə, ayrı-ayrı komitələrdə, orduda, DTX-da, parlamentdə və b. can-başla işləyib adsız qalmağa məcbur olan qəhrəmanlarımıza borcluyuq.

Əlbəttə, bizim məmurlarımız heç də mələk deyillər. Bütün cəmiyyətlərdə olan kimi bizdə də, bəlkə də başqalarından daha çox, “mən eləməsəm, onsuz da başqası eliyəcək” deyən, bütün tənqidləri “hamısı paxıllıqdandır” deyib qulaq ardına vuran, öz vətəninə özgələşən, müasir olmağı öz millətindən iyrənmək kimi başa düşən yaramazlar var, olub, olacaqdır. Amma tək-tək şəxslərin – istər məmur olsun, istər olmasın – tənqidə, ictimai qınağa tuş edilməsi, onlara qarşı lap kütləvi imzatoplama kampaniyalarının təşkilinin gərəkliliyi və s. ayrı şeydir, qarşımıza çıxan bütün problemlərdə özümüzü ellikcə (bu dəfə məmurlarımızın timsalında) alçaltmaq, inkar etmək, tüpürcəyə qərq etmək vərdişi ayrı şey. Bu kiflənmiş vərdiş bizə – birillik rus dili məktəbi məzunu M.F.Axundovdan, ilyarımlıq Qori seminariya məzunu C.Məmmədquluzadədən, ikiillik mollaxana məzunu M.Ə.Sabirdən və başqalarından yoluxan ümummilli infeksiyadır. Tıxac – məmurlarımız (özümüz!) deyil, şəxsən və ancaq İlham Əliyevdir (özgəsidir!).

Xalq öz dövlətini məmurların timsalında qucaqlamağı bacarmalıdır. İntellektuallar, alimlər, yazıçılar, “yazar”lar, gənclər və başqaları mediada, sosial şəbəkələrdə məmurlarla dialoq qurmağın, ortaq dil tapmağın yolları barəsində müzakirələr aça bilərlər. Pisdirlər-yaxşıdırlar bizimdirlər, onlar – bizik. Əsl düşmən – onları bizə düşmən kimi təqdim edəndir. Ümumi şəkildə “hakimiyyət”in və yaxud “iqtidar”ın tənqidi yığışdırılmalı, hədəf konkretləşdirilməli, təkcələşdirilməlidir. Məmurlara siqnallar ötürülməlidir ki, biz vəziyyətin nə yerdə olduğunu başa düşmüşük, amma siz də çox yubatmayın. İlham Əliyevin girovluğuna düşüb, onun sipərinə və yaxud zirehinə çevrilməyə məcbur olan məmurları ümumxalq nifrətiylə üz-üzə qoyub, onların İlham Əliyevə pənah aparmasına və beləcə İlham Əliyevin güclənməsinə şərait yaradılmamalıdır.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİlham Əliyevin şəxsi ideologiyası