İlham Əliyevin ittihamlarına cavab verildi

Mehman Əliyev: “Hər hansı məmurla, lap prezidentin nümayəndəsi ilə bu barədə danışmağa hazıram, buyurub gəlsinlər”

Ərəstun Oruclu: “İlham Əliyev vəziyyətin nə qədər kritik olduğunu düzgün qiymətləndirir”

Erkin Qədirli: “Görünür, Əliyev Bakı Avropa Oyunları ərəfəsindəki tənqidlərdən narahat və narazıdır”

Source:


Mehman Əliyev: “Hər hansı məmurla, lap prezidentin nümayəndəsi ilə bu barədə danışmağa hazıram, buyurub gəlsinlər”


Ərəstun Oruclu: “İlham Əliyev vəziyyətin nə qədər kritik olduğunu düzgün qiymətləndirir”


Erkin Qədirli: “Görünür, Əliyev Bakı Avropa Oyunları ərəfəsindəki tənqidlərdən narahat və narazıdır”

Martın 20-də Novruz şənliyi münasibətilə ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev maraqlı açıqlamalar verib və ittihamlar səsləndirib (

İlham Əliyev: “Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər?”



).

Əliyev bildirib ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər artır, təzyiq mexanizmləri işə salınır.

O, ““ekspertlər”, “politoloqlar”, keçmiş dövlət xadimləri, bəzi mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan ediblər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”, – deyə ittihamlar da səsləndirib.

Meydan TV ölkənin tanınmış bir sıra ekspertlər, politoloqlar və media nümayəndələri ilə əlaqə saxlamağa cəhd etsə də, bayram günü olduğundan istəyimizə tam çatmadıq. Yalnız bir neçə nəfər suallarımızı cavablandırdı.


“Ümumiyyətlə, azad heç bir şey yoxdur, hər şey nəzarətdədir”

“Turan İA”nın direktoru Mehman Əliyev hesab edir ki, Azərbaycanda azad cəmiyyət və azad mətbuat yoxdur. Ümumiyyətlə, azad heç bir şey yoxdur, hər şey nəzarətdədir.

Mehman Əliyev bildirib ki, qanunlar və Konstitusiya azad mətbuat, azad cəmiyyət imkanını verib, bu, faktdır: “Mən 25 ildir mediadayam. Qəti şəkildə deyə bilərəm, media sahəsində azad media anlayışı yoxdur. Çox asan şəkildə dediklərimi təsdiqləyə bilərəm. Misal üçün, televiziyalara və mətbuat orqanlarının monitorinqini aparın, o zaman problemlərin işıqlandırılması səviyyəsini görüb mətbuatın necə azad olduğunun şahidi olacaqsınız. İkinci, mətbuat iqtisadi baxımdan asılı durumdadır, səbəb də iqtisadi azadlıqların olmamasındadır.  Mən faktlara əsaslanıb danışıram, mətbuatın müşahidəsilə hər hansı məmurla, lap prezidentin nümayəndəsi ilə bu barədə danışmağa hazıram, buyurub gəlsinlər”.

O, dəfələrlə bu barədə prezidentə müraciət etdiyini və təkliflər göndərdiyini söylədi: “Ancaq cəhdlərimiz alınmayıb”.


“Səfərbərlik zamanıdır, İlham Əliyevin siyasi iradəsi varsa, addımlar atacaq”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu İlham Əliyevin çıxışını əməkdaşlığa çağırış kimi başa düşür: “Düzdür, bir qədər sərt, amiranə tondadır. Ancaq istənilən halda, hakimiyyət, konkret İlham Əliyev vəziyyətin nə qədər kritik olduğunu düzgün qiymətləndirir. Yaranmış vəziyyətdən çıxmaq üçün onu düzgün qiymətləndirmək pis başlanğıc deyil. Bunun üçün növbəti mərhələdə çox ciddi, hətta riskli addımlar atılmalıdır. Ən azı Əliyev iqtisadi islahatlara başlamalıdır.  İqtisadi islahatlar isə hüquqi islahatlarsız qeyri-mümkündür. Ona görə ki, iqtisadiyyatın qoruma mexanizmi hüquqi dövlətdir, hüquqi sisteminin təkmilliyi və qanunun aliliyidir. Təəssüf ki, bunlar Azərbaycanda yoxdur”.

Politoloq hesab edir ki, istisadi islahatlara başlamaq üçün mövcud sistemin heç olmasa xeyli elementlərindən imtina olunmalıdır. İlkin mərhələdə liberal iqtisadiyyatın əsaslarını təşkil edən azad bazar  formalaşmalıdır. Monopoliyalar aradan qaldırılmalıdır, əgər məmur oliqarxlar buna etiraz edəcəksə, qəti qərarlar qəbul olunmalıdır. Ən yumşaq halda onlar vəzifələrindən kənarlaşdırılmalıdır. Ümumiyyətlə, yeni islahatçı komanda yaradılmalıdır.

“Düşünmürəm ki, Əliyev belə bir təşəbbüs göstərsə, ölkənin siyaasətçiləri, iqtisadçıları və mütəxəssisləri tərəfindən təpki ilə rastlaşacaq. Onun belə bir səyi olarsa, müsbət cavab veriləcək. Hesab edirəm ki, səfərbərlik zamanıdır. İlham Əliyevin siyasi iradəsi varsa, buna hazırdırsa, addımlar atacaq. Əks təqdirdə, iqtisadi vəziyyət daha da ağırlaşacaq, bunun ictimai-siyasi fəsadları mütləq özünü büruzə verəcək”,-deyə Oruclu fikirini bitirib.


“Ölkədə heç bir nailiyyət və uğur hiss olunmur”

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli prezident Əliyevin yeni heç nə demədiyini və dəfələrlə bu barədə danışdığını söylədi: “Xüsusilə həmişə  internetin azad olduğunu vurğulayır. Avropa Oyunları ərəfəsində beynəlxalq təşkilatların və xarici medianın Azərbaycana diqqəti və tənqidi artıb. Bu isə situativ  və oyunların keçirildiyini nəzərə alaraq hesablanmış tənqiddir. Biz Azərbaycanda yaşadığımızdan təqiblərə vərdiş etmişik, adi gəlir. Ancaq Avropadan uzaq olduğumuzdan diqqət böyük tədbirlər keçiriləndən keçirilənə aktuallaşır. “Eurovision” manı yarışması ərəfəsində də oxşar yanaşmaydı, indi də Bakı Avropa Oyunları yaxınlaşır. Əslində, bu cür tədbirlər nə Azərbaycana çəki gətirir, nə də QHT-lərə xeyir verir”.

Erkin Qədirli düşünür ki, prezidentin reaksiyası çox adidir: “Görünür, Əliyev Bakı Avropa Oyunları ərəfəsindəki tənqidlərdən narahat və narazıdır. Amma ölkədə heç bir nailiyyət və uğur hiss olunmur. Əsas proses tamam başqa istiqamətdə gedir: neftin qiymətinin düşməsində, manatın ucuzlaşmasında, Rusiyanın çökdürülməsində, Amerikanın İranla anlaşmasında. Sadaladıqlarımın təsiri daha böyük olacaq, nəinki QHT-lərin, yaxud medianın tənqidi”.

Ana səhifəXəbərlərİlham Əliyevin ittihamlarına cavab verildi