İlham Əliyevin ittihamları cavabsız qalmadı

Novella Cəfəroğlu: “QHT-lərin bütün tədbirlərində iqtidarın adamları da iştirak edirsə, onlar hakimiyyətə qarşı necə işləyə bilərlər?!”

Hikmət Hacızadə: “QHT-lər maliyyə hesabatlarını səliqəli şəkildə müvafiq dövlət qurumlarına verir”

Source:


Novella Cəfəroğlu: “QHT-lərin bütün tədbirlərində iqtidarın adamları da iştirak edirsə, onlar hakimiyyətə qarşı necə işləyə bilərlər?!”


Hikmət Hacızadə: “QHT-lər maliyyə hesabatlarını səliqəli şəkildə müvafiq dövlət qurumlarına verir”

Prezident İlham Əliyev avqustun 28-də Beyləqan rayonunda gənclərlə görüşündə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələrin olduğunu bildirib.

“Azərbaycan üçün də oxşar ssenarilər yazılıb. Sadəcə olaraq, bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik. Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir” – deyə Əliyev söyləyib.

O, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürüldüyünü, və həmin pulun müxalifət qurumlarının cibinə getdiyini deyib: “Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir. Bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”.

Prezidentin fikirləri siyasi partiyalar və QHT-lər tərəfindən qəbul edilmir. Müxalifətdə Müsavat Partiyası və AXCP hər-hansı xarici donor tərəfindən maliyyələşdirilmədiyini və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini bildirib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə “Turan İA”a bildirib ki, QHT-lərin hökumətə

qarşı işləməsi ilə bağlı fikirlərin əsası yoxdur. “Birincisi, QHT-lərin hökumətə qarşı işləməsi qeyri-mümkündür. Çünki bütün tədbirlərdə iqtidarın da adamları iştirak edir. İkincisi, QHT-lərə verilən qrantlar nəinki hökumətə qarşı iş aparmaq üçün, heç bu barədə düşünmək üçün də bəs etməz. Digər tərəfdən, bütün qrantlar konkret layihələr əsasında verilir. Ədliyyə Nazirliyində qeydiyyata alınır və bank, vergi nəzarəti var”.

Onun fikrincə, bir qayda olaraq, dövlətə qarşı çıxış edənlərin arxasında böyük bizneslər durur: “Ukrayna və Gürcüstan təcrübəsi buna bir sübutdur. Azərbaycanda hər hansı QHT-nin və siyasi partiyanın arxasında böyük biznes dayanmır. Xalqı ayağa qaldırmaq üçün ictimai fikri yetişdirmək lazımdır. Bunun üçün də ölkədə şərait yoxdur. Neçə illərdir siyasi partiya liderləri regionlarda belə öz tərəfdarlarının toplantısına qatıla bilmir. İnqilab üçün ictimai-siyasi şərait də yoxdur. Parlamentarilərin demək olar ki, hamısı iqtidarı müdafiə edir. Belə bir şəraitdə dövlətə qarşı işləmək qeyri-mümkündür”.

Siyasi və İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyib ki, bu, yanlış və sübut olunmamış ittihamlardır: “Bütün QHT-lər hesabatlarını, o cümlədən maliyyə hesabatlarını səliqəli şəkildə müvafiq dövlət qurumlarına verir. Orada işçilərin əmək haqlarına qədər məlumatlar var. QHT-lərə verilən qrantlar elə də çox deyil. İşçilərinə 300-500 manatdan çox əmək haqqı verə bilmirlər”.

Onun fikrincə, müxalif partiyaların maliyyə durumu daha ağırdır.

“QHT-lərin siyasi partiyaları maliyyələşdirməsi fikri  də qeyri-realdır. Partiyalar ofis haqqını, kommunal xərclərini, hətta telefon pullarını belə verə bilmir” – Hacızadə belə deyib.

Ana səhifəXəbərlərİlham Əliyevin ittihamları cavabsız qalmadı