Dövlət başçısını hədəf seçən hansı qüvvədir?
Hakimiyyət daxilində yaşanan intriqalar endişpil mərhələsinə yaxınlaşmaqdadır. Artıq proses klassik üslubda cərəyan edir – kim kimin sonunu yaxınlaşdıracaq? Bütün bunların fonunda prezident İlham Əliyevin verdiyi mesaj önəmli idi – hədəfdə mənəm. Lakin sual qaranlıq qaldı – kimin hədəfində? İlham Əliyevi kim hədəf seçib və dövlət başçısının bu mesajı kimə ünvanlanmışdı?
Diqqət yetirsək, görərik ki, ölkə rəhbərinin mesajı səslənən kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Qərbə barmaq silkələyən və Rusiyaya reverans hesab edilən kitabından məlumatlar mətbuata ötürüldü. Bunlar təsadüfi deyildi, hər halda PA- nın rəhbərini hədəfə gətirmək məqsədi güdürdü. Görünən budur ki, “hədəfdə mənəm” tezisi gizlinində ölkə rəhbərinə qarşı planlaşdırılan hakimiyyətdaxili planı ifşaya yönəlmişdi. Ən incə məqam isə ondan ibarətdir ki, ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən neft – qaz sərgisinə məktubu oxunan kimi Ramiz Mehdiyevin Qərbi hədəf seçən məqaləsi dərc edildi. “Hədəfdə mənəm” bəyanatı ətrafında şərhlər davam etdiyi bir zamanda ölkə mediasında kifayət qədər ciddi bir məlumat dərc edildi – İlham Əliyevin bacısı, “dərin Heydər Əliyev klanı”nın rəğbətlə yanaşdığı Sevil Əliyevanın oğlu Azər Əliyev Bakıya gəldi, ona vəzifə verildi. Sevil Əliyeva isə oğlunun Avropada aldığı parlaq təhsili barədə kifayət qədər ciddi mesajlar verməyə başladı və bu məlumatlar siyasi müstəvidə güclü effekt yarada bildi. Daha bir nüansa xiidmət yetirək. Bakıda tarixi binalar sökülür və hakim elitadan buna yalnız bir şəxs etiraz edir – Nərgiz Paşayeva. Maraqlıdır ki, bir qədər əvvəl Məhəmməd Əmin Rəsulzadənin siyasi mübarizəsini müdafiə edən və akademik təhsilli şəxslərin hakimiyyətdə olmasinin tərəfdarı olan Nərgiz Paşayeva mediada pozitiv görkəmdə görünməyə başlayır. Bütün bunların fonunda N. Paşayeva Londona səfər edir, ciddi görüşlər keçirir. London səfərində N. Paşayevanı ölkə rəhbərinin qızı müşayiət edir və onların fotoları yayımlanır. R. Mehdiyevin anti-Qərb tezisləri fonunda N.Paşayevanın Rəsulzadəni tərifləməsi, Avropa təhsilinin üstünlüyünü bildirməsi, Londona səfəri və görüşləri konkret siyasi texnologiyadan xəbər verirdi.
Bütün bunlar fonunda prezident Əliyevin də informasiya siyasətini sərt tənqid etməsi də “hədəf mənəm” mesajına verilən cavab idi. Nəzərə almaq lazımdır ki, ABŞ səfərindən sonra ölkə rəhbərinin çıxışında anti- Qərb ritorikasına rast gəlinmirdi və hətta “Azərbaycan” qəzeti də Birləşmiş Ştatların ünvanına təriflər yağdırırdı. Dövlət qəzetində belə bir məqalə çap edildikdən dərhal sonra R. Mehdiyevin anti-Qərb yazısının dərci də sadə məsələ deyil. Bütün addımlar “ikinci hakim ailə”nin Qərb ilə əlaqələrinə vurulan zərbə kimi də dəyərləndirilə bilər. Maraqlıdır ki, bu arada “Azəriqaz” ın səlahiyytləri alındı, FHN-ə və Energetika nazirliyinə verildi. Nəzərə almaq lazımdır ki, SOCAR Türkiyədəki payların bir hissəsini satmağa vadar olmuşdu və Türkiyə mətbuatındakı məlumatlara görə, buna səbəb Rövnəq Abdullayeva yaxın olan çevrənin Ərdoğanın şəxsi düşməni olan Fətullah Gülən ilə işbirliyində olması idi. Unutmaq olmaz ki, F. Gülənin ABŞ-da həddən ziyadə güclü şəbəkəsi var. Bu gün dünyada yeganə real siyasi güc mərkəzi olan Vaşinqtonla əlaqələrin F. Gülənə yaxın simaların vasitəsilə formalaşdırılması cəhdi sıradan bir məsələ deyil.
Lakin görünən budur ki, xarici siyasət kursu bütövlükdə PA-nın şöbə rəhbəri Novruz Məmmədova verilib. Bu gün Strateji Araşdırmalar Mərkəzinə faktiki olaraq rəhbərlik edən N. Məmmədov artıq bir neçə saytı, ASAN radionu, o cümlədən ilk ermənidilli medianı kurasiya edir. Görünən budur ki, PA-nın ictimai – siyasi şöbəsini və eyni zamanda “İkinci hakim ailə”ni mediadan sıxışdırmaq prosesinə rəhbərlik N. Məmmədova həvalə edilib. Bu sıradan bir məsələ deyil. Zaman- zaman Rusiyaya yönəli bəyanatlar verən N. Məmmədov “ikinci hakim ailə” ilə yanaşı PA-nın digər şöbələrinə qarşı da savaş açmış olur…
Daha bir sual açıq qalır. Azərbaycan hakimiyyəti üçün uzun müddətdir ki, başağrısına çevrilən araşdırmaçı – jurnalist Xədicə İsmayılın azad olunmasina kim nail oldu? Görünən bu idi ki, siyasi elita X. İsmayılı şəxsi düşməni hesab edir və bütün təzyiqlərə etinasız yanaşırdı. Amma ölkənin birinci xanımının UNESCO səfiri olması ilə bağlı başlanan müzakirələr Xədicənin azadlığa çıxması ilə sonuclandı. Və bu addım normal qarşılandı. Eyni ilə Leyla və Arif Yunusların ölkədən buraxılması kimi.
Kənardan görünən budur ki, novbəti prezident seçkilərində “ikinci hakim ailə”nin rolu böyük olacaq. Düzdür, Sevil Əliyeva amilini də nəzərə almamaq mümkün deyil…