Nicad İbrahim həbs olunub
Sosial media hesablarında Prezident Administrasiyasının qarşısında aksiya keçirib, Prezident İlham Əliyevə istefa tələb edəcəyi haqda paylaşımlarından sonra saxlanılan Nicad İbrahimin həbs olunması barədə qərardan verilən şikayətə baxılıb.
N.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının da həyatına təhlükə yaratmaqda ittiham olunur. Həyat yoldaşı Pərvin İbrahim isə bu ittihamın yalan olduğunu, onun iyulun 20-də Prezident Administrasiyasının qarşısında aksiya keçirmək üçün evdən çıxıb gedərkən saxlandığını bildirib:
“Karantin rejimi dövründə daim evdə olmuşuq, qorunmuşuq. Küçəyə çıxanda da SMS-lə icazə alıb, maskası olub. İyulun 20-də saat 14.00-da aksiya keçirəcəyini elan etmişdi. Saat 13.30-da evdən çıxıb bir az aralanmışdı ki, onu saxladılar. Həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng elədik, Ombudsman Aparatından məlumat almağa çalışdıq. Heç nə öyrənə bilmədik. Ertəsi gün səhər saat 10 radələrində zəng gəldi ki, “iyulun 20-də Nicatdan yaxma götürmüşük, nəticə pozitiv çıxıb”. Soruşdum ki, harada götürmüsünüz? Lap götürsəniz belə, nəticə 48 saat ərzində məlum olmur? Zəng eləyən özünü TƏBİB-in əməkdaşı kimi təqdim eləmişdi…”.
P.İbrahim onu da əlavə edib ki, bir neçə gün ərzində həyat yoldaşının harada saxlanması barədə onlara keç bir məlumat verilməyib.
İyulun 28-də N.İbrahim haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan verilən apelyasiya şikayətinə baxılsa da, prosesdə onun iştirakı təmin edilməyib. Onun onlayn qaydada da olsa, iştirakının təmin edilməsi haqda vəsatət də rədd edilib. Vəkilin daha bir vəsatəti Səhiyyə Nazirliyinin nəzdindəki Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə sorğu göndərilməsi, N.İbrahimdən COVİD-19 testinin nə vaxt götürülməsi, cavabın nə vaxt bəlli olması haqda suallara cavab alınması haqda olub. Lakin bu vəsatət də təmin edilməyib.
N.İbrahimin haqqında üç aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə 22 iyul tarixli qərar qüvvədə saxlanılıb.
N.İbrahim bir neçə il öncə hüquq-mühafizə orqanlarının özbaşınalığına etiraz olaraq, ağzını tikməklə aksiya keçirmişdi.
N.İbrahim həbsindən əvvəl “Facebook” hesabından belə bir elan yaymışdı: “20 iyul saat 14 :00-da Prezident Administrasiyasının qarşısında İlham Əliyevə İstefa tələbi ilə etiraz aksiyası keçirəcəm! Heydər Əliyevin də heykəllərinin sökülməsini tələb edəcəyəm! Hamını bu etiraz aksiyasına qoşulmağa və dəstək verməyə çağırıram!”
Son vaxtlar həbs olunan bir neçə ictimai-siyasi fəala qarşı koronavirus yayma ittihamı irəli sürülüb. Onların arasında AXCP üzvü Məhəmməd İmanlı, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahim və başqaları var.