İlham Əliyevə istefa tələb edən şəxs məhkəmədə: Ailəm uşaq bağçasında yaşayır…

Məhkəmə etirazçının şikayətini təmin etməyib

Source:


Məhkəmə etirazçının şikayətini təmin etməyib

Prezident Administrasiyasının qarşısında “İstefa” şüarıyla aksiya keçirəcəyi barədə paylaşımından sonra koronavirus yayma ittihamıyla həbs olunan Nicad İbrahimin vəkili onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermişdi. Sentyabrın 30-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyilə vəsatətə baxılıb və təmin olunmayıb. Bu barədə Meydan TV-yə N.İbrahimin həyat yoldaşı Pərvin İbrahimli məlumat verib.

Həyat yoldaşının bildirdiyinə görə, məhkəmədə N.İbrahim özü də iştirak edib. O bildirib ki, nə koronavirusa yoluxub, nə də həbsindən sonra ay yarımdan çox saxlandığı Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində onu COVİD-19 infeksiyasına görə müalicə ediblər. N.İbrahim ötən həftə Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

N.İbrahim həmçinin ailəsinin ağır şərtlər altında yaşadığını, maddi durumunun pis olduğunu bildirib. Deyib ki, Laçın rayonundan məcburi köçkündülər, uşaq bağçasının dəhlizində yaşayırlar. Evin yeganə qazanc gətirəni də odur: “Qışda qaz olmur, odun, taxta parçalarını da mən tapıb gətirirdim ki, uşaqlar soyuqdan ölməsin…”

N.İbrahimin iki azyaşlı övladı var.

P.İbrahimli deyir ki, istər Müalicə Müəssisəsində olanda, istərsə də Bakı İstintaq Təcridxanasında həyat yoldaşının görüş və həftədə iki dəfə telefon danışığı hüququ məhdudlaşdırılır: “Bir müddət əvvəl öyrəndik ki, Nəsimi Rayon Polis İdarəsində istintaqı aparan müstəntiqin qərarıyla onun telefon danışıqlarına və ailə üzvlərilə görüşünə qadağa qoyulub. Müstəntiqin qərarının qanunsuzluğu ilə əlaqədar məhkəməyə müraciət olunub. Oktyabrın 7-də Nəsimi Rayon Məhkəməsində o şikayətimizə baxılacaq”.

N.İbrahim bir neçə il öncə hüquq-mühafizə orqanlarının özbaşınalığına etiraz olaraq, ağzını tikməklə aksiya keçirmişdi.

N.İbrahim həbsindən əvvəl “Facebook” hesabından belə bir elan yaymışdı: “20 iyul saat 14 :00-da Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirəcəm! Heydər Əliyevin də heykəllərinin sökülməsini tələb edəcəyəm! Hamını bu etiraz aksiyasına qoşulmağa və dəstək verməyə çağırıram!”

Son vaxtlar həbs olunan bir neçə ictimai-siyasi fəala qarşı koronavirus yayma ittihamı irəli sürülüb. Onların arasında AXCP üzvü Məhəmməd İmanlı, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahim və başqaları var.

Ana səhifəXəbərlərİlham Əliyevə istefa tələb edən şəxs məhkəmədə: Ailəm uşaq bağçasında yaşayır…