İlham Əliyevə açıq məktub

Qalibsiniz. Mənəvi olmasa da, maddi və fiziki baxımdan qalibsiniz.

Source:

Cənab İlham Əliyev,

Uzun bir giriş etmədən məktubun məzmununa keçim. Məncə siz də yorulmusuz uzun sovet populistikası ilə dolu olan girişlərdən. Sizə yazdığım məktubum 2 hissədən ibarət olacaq. Birinci hissə düşdüyünüz durumu sizə izah etmək, ikinci hissə isə müraciətimdir.

Məktubu yazmazdan əvvəl dünya diktatorları ilə bağlı bəzi araşdırmalar apardım. Hazırda yaşadığım ölkənin bir zamanlar diktator prezidenti olan Hitlerdən tutmuş, Pinoçet, Kim Çen In-ə qədər müxtəlif diktatorlar haqqında oxudum. Sizi əmin edirəm ki, bu diktatorların heç biri ilə aranızda oxşarlıq yoxdur. Adını çəkdiklərim və dünya tarixinə diktator kimi düşən Səddam Hüseynə qədər hamıda bir xarizma olub, diktatorluq xarizması, öz ideologiyası, öz baxışı və səmimilikləri. Sizdə nə o xarizma var, nə də konkret ideoloji baxış.

Dünyadakı siyasi sistemlər nəzəriyyələri arasında ən sevdiyim nəzəriyyə Platonun “Siyasi sistemlər nəzəriyyə”sidir. Platon deyirdi ki, bütün quruluşlar 3 əsas və 3 yardımçı qrupa bölünür. Bunlar aşağıdakı kimidir:


Demokratiya – Oklakratiya (pozğun demokratiya)

Biz bu ikisini Azərbaycanda 92-93 kimi yadda qalan dövr ərzində gördük. Hakimiyyətə demokrat prezident Elçibəy gəldi. Həmin dövr üçün düzgün qurulmayan idaretmə formasının nəticəsi olaraq 1 ilə yaxın müddətdən sonra Demokratiya Oklakratiya ilə əvəzləndi. Ölkədə hərc – mərclik yarandı. Pozğun demokratiya ilə AXC hakimiyyəti sona çatdı.

Platona görə, ikinci və üçüncü mərhələ isə belədir;


Krallıq – Tiranlıq



Aristokratiya – Oliqarxiya

92-93-dən sonra hakimiyyətə hal – hazırda siyasi varisi olduğunuz eks prezident Heydər Əliyev gəldi. Pozğun demokratiya ilə bağlı bütün hərəkətləri ləğv elədi və öz krallığına başladı. Bəli, Heydər Əliyev kral idi. Kralların çox özəl bir xüsusiyyəti olur. Onlar həmişə diktaturaya meyilli və eyni zamanda xalqla bağlarını kəsmiyən insanlardı. Məsələn, atanız bir də gördün gedib hansısa restoranda, xalqın içində yemək yeyərdi, bəzən düşüb şəhərə gəzərdi və s. Yəqin krallar haqqında oxuduğunuz nağıllardan xatırladığınız belə nüanslar olar: “Kral rəiyyət içinə çıxmışdı…”

Atanız dünyasını dəyişəndən sonra isə, sizin dövrünüz – tiraniya başladı. Bəli siz tiransız. Tiran Azərbaycan dilində buludlanmış krala deyilir. Atanızdan fərqli olaraq siz xalqla bütün əlaqələri kəsdiniz, buludlanıb, göylərə qalxdınız. Atanızdan fərqli olaraq xalqın arasında görünmədiniz, xalqa aşağıdan baxmağa başladınız. Bircə dəfə xalq arasında göründünüz, onda da buna öyrəşməyən xalqın nümayəndəsi olan bir qadın, şoka düşüb, sizdən ev, torpaq istəmək əvəzinə kişi istədi. Əmin olun ki, o xanım həmin vaxt affekt vəziyyətində idi. Atanız vaxtı qəbul olunan yazılmamamış siyasi qanunlar, sizi dövrünüzdə ən sərt formada icra olunmağa başlandı. Sizinlə xalq arasında bir pərdə yarandı və bunlar nazirlər, başqa sözlə dövrümüzün arisokrat milyonerləri sayılan məmurlardır. Onlara aristokratiya anlayışı nə qədər yad olsa da, dövlətçilik ənənələrimizin olmamasını nəzərə alsaq, başqa aristokrat təbəqəmizin olmadığını da qəbul edərik.

Beləliklə, Platon deyirdi ki, Tiraniya elə bir mərhələdir ki, onu devirənlər aristokratlar olacaq. Bu hər yerdə belə olub. Liviyada Qəddafini devirən xalq olmadı, oranın aristokratiyası sayılan qəbilə başçıları idi. Xalq sadəcə vasitəçi idi. Çünki, xalq ilə sizin aranızda işıq sürəti ilə hesablasaq 20 il məsafə var. Bu gün sizin düşdüyünüz durum da belədir. Sizi devirən, birbaşa olaraq xalq olmayacaq, xalq burada vasitəçi olacaq. Sizi devirən o aristokratlar olacaq. Buna əmin olun.


Keçək məktubun ikinci hissəsinə…

Hazırda sizin siyasi sifarişiniz əsasında işıqlı gənclər həbsə atılıb. Artıq bəziləri 1 ildən çoxdur ki, həbsdədirlər. Tamam, anladıq, bu gənclər sizi sevmirdi, sizə nifrət edirdi, sizi devirmək istəyirdi və siz bunları cəzalandırmaq, sizin məntiqinizlə desək “ağıllandırmaq” istəyirdiz. Məncə buna ya nail olmusuz, ya da bu günə qədər nail olmamısızsa, bundan sonra da nail ola bilməzsiz. Yəni, 1 ilə çox insanın arzularını məhv etmisiz, uşağı atasız, ananı övladsız saxlamısız. Nə qədər pozitiv görünsək də, siz bu 1 ildə bizə çox böyük zərbə endirməyi bacarmısız.

Əgər bütün bunlar böyüklüyünüzü subut etmək üçündürsə, biz bunu başa düşmüşük artıq. Yuxarıda da yazdığım kimi, tiranlığınıza şübhəmiz yoxdur. El arasında danışanda bunu boynumuza almasaq da, evdə tək oturanda, sosial şəbəkələrdə, tv-də nəsə görəndə ilk dediyimiz bu olur: “Bu xalqa elə bu cür prezident yaxşıdır “.

Rəşadət, Zaur, İlkin, Rəşad və digərlərini içəridə saxlamaqla başqa bir şey əldə edə bilməyəcəksiz. Məqsədiniz onları cəzalandırmaq idi, bunu etdiniz, digər gəncləri qorxutmaq idi, bunu da bacardınız, böyüklüyünüzü sübut etmək idi, bunu da sübut etdiniz. Başqa nə istəyirsiz? Axı siz də bilirsiz ki, onlar bu gün həbsdən çıxsa da, əvvəlki mübarizələrini davam etdirməklə də sizi devirə bilməyəcəklər. Bu gücə hələ ki, sahib deyilik.

Həbsdəkilər bəlkə də bu yazımla razılaşmaz, amma mən sizə öz adımdan, vətəndaş olaraq müraciət edirəm. Buraxın o gəncləri, siz bacardınız. Qalibsiniz. Mənəvi olmasa da, maddi və fiziki baxımdan qalibsiniz. Bütün döyüş qaydalarını pozmağınızı da deməyəcəm. Siz sadəcə qalibsiz. Mən o gənclər üçün əlimi tatamiyə vururam. Bundan zövq alacaqsızsa, buyurun alın. Çünki mən həftəsonları pub-da içəndə o içki məni kefləndirmir, dostlarımı xatırladır. Başa düşürsüz, 8 gənc 5 gündür həbsxanada acdır və siz, mən oturub doyunca yemək yeyirəm. Bütün bunlar bir hakimiyyəti qorumaq üçündürmü? Yəni mən buna inanmıram. İnsan öz hakimiyyətini qorumaq üçün bu qədər qəddar ola bilməz. İnsanı qəddarlaşdıran ideologiyalar olur. Bütün ideologiyaların nəzəri kökündə humanizm dayanır, ancaq o humanizm özü insanı qəddarlaşdırır. Ancaq nəzərə alsaq ki, sizin üçün ideologiya filan yoxdur, o zaman sizin qəddarlığınıza məntiqi izah verə bilmirik.

Bütün bu qəddarlığı etməyinizin səbəbi çox şey ola bilər, amma 1 yaşlı uşaq atası Rəşadəti həbsdə saxlamağınızın heç bir adı yoxdur.


P.S. Əgər məktubu oxuyub, etdiyim müraciəti dəyərləndirmək əvəzinə, daha da əsəbləşəcəksizsə, o zaman sizə başqa bir nüansı xatırladım. Valideynlərim və ya yaxınlarım bu “başımdan yekə” məktubu sizə yazmağıma razı olmazdı. Onların buna heç aidiyyatı yoxdur. Biraz oxuyum, master dərəcəsi alım, alman dilini öyrənim, dönərəm ölkəyə, özümüz danışarıq.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim Fikrimcəİlham Əliyevə açıq məktub