“İlham Əliyev, xalq səni sevmir” yazan inanclı fəala qarşı narkotik ittihamı

Razi Hümbətovun hara aparıldığı məlum olub

Source: Facebook

Razi Hümbətovun hara aparıldığı məlum olub

“Müsəlman Birliyi” Hərəkatının üzvü, iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində 5-6 mülki geyimli şəxs tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparıldığı bildirilən Razi Hümbətovun yeri iyulun 9-da məlum olub. Razi Hümbətov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılır. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, inanclı fəalın işgəncə altında olması haqda məlumat var: “Ombudsman Aparatının əməkdaşlarından, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyindən xahiş edirik ki, məsələni nəzarətdə saxlasınlar…”

Razi Hümbətovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmasını vəkil Cavad Cavadov da təsdiqləyib. Vəkil bildirib ki, idarədə onun barəsində cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu idarənin yerləşdiyi ərazi üzrə – Nərimanov Rayon Məhkəməsində Razi Hümbətov haqqında istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkil bu qərardan apelyasiya şikayəti verəcək.

Cavad Cavadov hələ hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib. Vəkil müvəkkilinin hüquqlarının pozulması, onun saxlanma yeri və səbəbi barədə ailə üzvlərinə məlumat verilməməsi və s. məsələlərlə əlaqədar da şikayət vermək niyyətindədir.

“Müsəlman Birliyi” Hərəkatı Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib. Hərəkat üzvünün həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir. Zaman-zaman “Facebook” səhifəsində hökumətin siyasətini tənqid edən inanclı fəal həbsindən bir neçə gün əvvəlki paylaşımında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.

Razi Hümbətovun ittiham olunduğu müddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.

Ana səhifəSiyasət“İlham Əliyev, xalq səni sevmir” yazan inanclı fəala qarşı narkotik ittihamı