İlham Əliyev: Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir

Dövlət başçısı yeni nazirə deyib ki, indiki müsbət dinamika saxlanmalıdır

Source: Specify Source


"Azərbaycanda internet azaddır, heç bir senzura, məhdudiyyət yoxdur"

“Biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”.

Bu açıqlamanı dövlət başçısı İlham Əliyev yeni təyin etdiyi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən

bildirib

.

İlham Əliyev əvvəlki nazir Ramin Quluzadənin fəaliyyətindən razı olduğunu söyləyib: “Sizin nazirliyinizin üzərinə böyük funksiyalar düşür. Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etdi, Azərbaycanın bu sahədəki inkişafını təmin etdi. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız”.

Dövlət başçısı yeni nazirə deyib ki, indiki müsbət dinamika saxlanmalıdır: “Eyni zamanda, heç kimə sirr deyil ki, dünyada texnologiyalar çox sürətlə inkişaf edir və biz addımlarımızı bu inkişafa uyğun şəkildə atmalıyıq. Əlbəttə, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz, əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər. Ona görə yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdən biridir. Burada, ilk növbədə, əlbəttə ki, dünyada artıq üzə çıxan ən müasir texnologiyaların Azərbaycanda tətbiqindən söhbət gedir. Bunu biz mütləq etməliyik. Ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Məsələn, nə üçün biz ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq”.

İlham Əliyev azad olunmuş ərazilərlə bağlı belə deyib: “Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, – yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də, bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”.

Ana səhifəSiyasətİlham Əliyev: Verdiyim tapşırıq bəzən müəyyən müddətdən sonra icra edilmir