28 iyulda “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı Seymur Həzinin apellyasiya şikayətinə baxılıb. Sumqayıt Apellyasiya Məhkəməsində baş tutan prosesdə vəkil Adil İsmayılov 5 vəsatətlə çıxış edib. O, Seymur Həzinin dəmir barmaqlıqlar içərisindən çıxarılmasını, həqiqətin müəyyən edilməsi üçün Məhərrəm Həsənovun məhkəməyə dəvət edilməsini, hadisə yerinə baxış keçirilməsini, hadisə günü Məhərrəm Həsənova edilmiş çıxış və giriş zənglərinin siyahısının götürülməsini, onun Facebook istifadəçisi olub-olmadığını araşdırmaq üçün xüsusi biliyə malik mütəxəssisin dəvət olunmasını istəyib. Hakim Seymur Həzinin vəkilin yanında əyləşməsini və Məhərrəm Həsənovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatətləri təmin edib. Qalan vəsatətlər baxılmamış saxlanılıb.
Seymur Həzi çıxışında bildirib ki, o, jurnalist fəaliyyətinə görə həbs edilib:
“İlham Əliyev tənqidi fikrə dözə bilmir. Onu tənqid edən adamlarla amansız mübarizə aparır. Məni, Natiq Adilovun qardaşını həbs elədi, Qənimət Zahidin 87 yaşlı anasına hücum etdirdi. Bütün bunlar əxlaqın, mənəviyyatın sərhəddini aşmış mübarizə formalarıdır. Vəkilimin bütün fikirlərini dəstəkləyirəm, amma sizə açığın deyim ki, mən sizdən ədalət gözləmirəm. Sadəcə bu işdə hər kəs öz vicdanının səsi ilə, vicdanının sərhədləri ilə qərar qəbul etməlidir, araşdırma aparmalıdır. Biz də işin gedişində görəcəyik ki, siz buna nə qədər əməl edəcəksiniz”.
Məhkəmə sədri Nazim Mövsümov məzuniyyətə çıxdığı üçün məhkəmənin vaxtını 22 sentyabra qədər təxirə salıb.