İlham Əliyev, Şahtaxtinski və beynəlxalq təşkilatlar


“Şahtaxtinski ATƏT-in Bakı ofisinin qapılarını vətəndaş cəmiyyətinin üzünə bağladı”.

Bəs ATƏT-in Bakı ofisi nəticəsində işsiz qalanlar Azərbaycan vətəndaşı deyillərmi?

Biz ATƏT-in Bakı ofisinin bağlanması və onun sabiq rəhbəri Aleksis Şahtaxtinskini artıq unutmuşduq.  Bu həftə prezident İlham Əliyevin etdiyi açıqlama Azərbaycanın ATƏT-lə münasibətləri, habelə bundan daha əhəmiyyətli mətləblərə işıq saldı.

Əslində biz dövlət başçısının prinsipiallığına, əlini stola vurub, “mən dedim, belə olacaq” mövqeyinə qibtə etmək olar.  Axı prinsipiallıq, mübarizə əzmi hər bir dövlət başçısının yaraşığıdır. Lakin baxaq görək bu prinsipiallıq və Avropa qurumu ilə qarşıdurma əslində nəyin üstündədir?

Nəyə görə ATƏT öz nümayəndəsinin Azərbaycan prezidenti ilə yaxınlığından narahat olmalıdır? Məgər Azərbaycanda korrupsiya var ki? Əgər dünən Azərbaycana gələn bəzi diplomatlar, xarici təşkilat nümayəndələri bu gün “Yap”-ın mətbuat katibi kimi danışırlarsa, bəlkə bu, onların qanındadır? Səfir Şahtaxtinskinin halında bu, məcazi yox, əsl mənada qanında ola bilir.  Fransalı diplomat olan Aleksis Şahtaxtinskinin əsli Naxçıvanın Şahtaxtı kəndindəndir.


Əlbəttə, Azərbaycanlı mənşəyi ilə fəxr edən səfir Şahtaxtinski iqtidar üçün göydən düşmə idi.  Lakin Əliyev iqtidarının ATƏT rəhbərliyi olan gərgin münasibətlərini Şahtaxtinski fiquru ilə izah etmək sadəlövhlük olardı.  Bu gərginlik əslində Şahtaxtinskidən daha əvvəl başlayıb, kulminasiya zirvəsinə çatanda isə Şahtaxtinski hələ heç Bakıya gəlməmişdi.  O, missiyaya 2014-cü ilin fevralında rəhbərlik etməyə başlayıb.

Hələ bundan əvvəl, 2013-cü ilin mayında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, səfir Yanez Lenarçik mənimlə müsahibədə qarşıdan gələn prezident seçkiləri ilə bağlı narahatlığını gizlətmirdi.  “Azərbaycanda prezident seçkilərinin keçirilməsinə cəmi 3 ay qalıb, Azərbaycan hakimiyyəti isə hələ də seçki müşahidə missiyasının gəlməsi üçün ATƏT-ə rəsmi dəvət göndərməyib”, deyirdi.  Onun sözlərinə görə,  ATƏT uzvu olan 56 olkə üzərinə öhdəlik götürüb ki, ATƏT-in müşahisə missiyasını ölkəsində keçirilən seçkiləri müşahidə etmək üçün dəvət edəcək. Bu dəvət erkən verilməlidir ki, biz müşahidəçi missiyasını təşkil etmək mümkün olsun.

O zaman Azərbaycan tərəfi müşahidəçi missiyasının göndərilməsinə maneə törətməyə çalışsa da, Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliyə əsasən, rəsmi dəvət göndərildi və beynəlxalq müşahidə missiyası Azərbaycana gəldi.  Onun 2013-cü il prezident seçkiləri ilə bağlı verdiyi nəticə isə elə gözlənildiyi kimi ürəkaçan olmadı – seçkilərin nəticələri 58 faiz saxtalaşdırılıb.  Bu isə seçkilərin nəticəsini qeyri-legitim edir.

Odur ki, seçkilərin nəticələrini sual edən qalmaqallı müşahidə komissiyasından sonra səfir Şahtaxtinskinin Bakıya gəlişi iqtidar üçün xoş sürpriz idi. Amma doğrudanmı o, iqtidar üçün ATƏT-in bütöv Bakı ofisini bağlayacaq qədər əhəmiyyətli idi?  Doğrudanmı, bütöv nümayəndəliyi qapatmaq əslən Azərbaycanlı olan bir xarici diplomata qayğı idi?

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki,  A.Şahtaxtinski gələndən sonra ATƏT-in Bakı ofisinin qapılarını vətəndaş cəmiyyətinin üzünə bağladı.  Prezidentin istinad etdiyi ABŞ-ın ATƏT-dəki səfiri də Şaxtanskiyə irad tutmuşdu ki, mən sizin prezidentlə, məmurlarla şəkillərinizi gördüm, amma vətəndaş cəmiyyəti, müxalifət partiyaları ilə şəkillərinizə rast gəlmədim.

Odur ki, ATƏT rəhbərliyini narahat edən heç də prezidentlə şəkil və ya Şahtaxtinskinin yaxasına taxılan medal olmayıb. Kim bilir, bəlkə digər beynəlxalq təşkilatlar və onların nümayəndələri də belə prinsipial mövqe nümayiş etdirsə idi, Azərbaycan bu gün daha demokratik olacaqdı.

Qayıdaq prezidentin ATƏT-in ofisini bağlamaq məsələsinə.  Əlbəttə, yumruğu stola vurub, “mən deyən kimi olacaq” demək olar, əgər məqsəd buna dəyərsə.  Bəs ATƏT-in Bakı ofisinin bağlanması nəticəsində işsiz qalan onlarla şəxs Azərbaycan vətəndaşı deyilmi?  Azərbaycanda demokratik institutların möhkəmlənməsinə çalışan ATƏT-in fəaliyyətindən yararlanan bütöv ölkə deyilmi? Nəyə görə Azərbaycan cəmiyyəti səbəbləri iş işdən keçəndən, Bakı ofisi bağlanandan 1 il sonra xəbər tutur? Axı ATƏT Azərbaycanın ən taleyüklü məsələsi – Ermənistanla danışıqlarının həvalə olunduğu qurumdur. Doğrudanmı biz bütöv ölkənin mənafeyini belə asanlıqla bir şəxsin digər bir şəxs barədə “qayğı”sına qurban veririk? Bəs Qarabağın, ölkənin qayğısını kim çəcəkək?

Bir şey aydındır ki, dövlət öz siyasətini şəxslər, rəğbət və ikrah üzərində yox, maraqlar üzərində qurmalıdır.  Özünün yox, dövlətin maraqları!

Ana səhifəVideoİlham Əliyev, Şahtaxtinski və beynəlxalq təşkilatlar