İlham Əliyev: Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur

Valeh Ələsgərov: “On minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir”

Source: president.az


Valeh Ələsgərov: “On minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir”

Ələtdə Azad İqtisadi Zonasının təməli qoyulub.

Ümumi sahəsi 850 hektar olan zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə başa çatıb, inşaat işləri başlayıb.

“Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir”, – Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov belə deyib.

O bildirib ki, əsas hədəfləri investorları cəlb etməkdir: “Eyni zamanda, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verməkdir. Həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir”.

Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu, investorlar üçün çox önəmlidir: “Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir. Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur”.

Prezident deyib ki, bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir: “Bir ildən sonra – gələn ilin iyulunda zona investorları qəbul etməyə hazır olacaq”.

Bu yaxınlarda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) “Dünya İnvestisiya Hesabatı – 2021"-i (World Investment Report – 2021) yayımlayıb (https://unctad.org/webflyer/world-investment-report-2021).

Hesabatdan aydın olur ki, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində ciddi azalma olub.

2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir və dünya ortalamasından təxminən iki dəfə yüksək göstəricidir.

Ələtdə azad iqtisadi zonasının yaradılması Prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam “Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” adlanırdı.

Prezident 2017-ci ilin mayında da azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilmişdi.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir.

Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Ana səhifəXəbərlərİlham Əliyev: Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur