”2 ildə orta aylıq əməkhaqqı 566 dollardan 314 dollara düşüb, amma dövlət başçısı “xəbəriniz yoxdur, əməkhaqqınız 7 faiz artıb” söyləyir”
Prezident İlham Əliyev 2016-cı ilin son günü – dekabrın 31-də təbrik nitqini ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri kimi qiymətləndirsə də, bunun səbəbini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatının bir parçası olması ilə əlaqələndirdi:
“Dünyada iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq”.
“Böhran ili olsa da, əhalinin pul gəlirləri 7 faiz artdı”
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının öz dayanıqlılığını saxlaya bildiyini, iqtisadi sabitliyi təmin etdiyini, aparılan ciddi və hərtərəfli iqtisadi islahatların gələcək inkişaf üçün çox gözəl perspektivlər açdığını söylədi: “Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artıb. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bildik, bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir”.
“2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, – baxmayaraq ki, 2016-cı il böhranlı ildir, – 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artıb”,-deyə prezident bildirib.
“Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edildi”
O, Azərbaycanın beynəlxalq təşkilatlarda böyük uğurlar qazandığını deyib:
“Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənib. 2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bugünə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir. Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir”.
“Referendumda heç bir pozuntu olmadı”
Prezident 2016-cı ildə keçirilən referendumun beynəlxalq müşahidəçilərin azad və şəffaf olduğunu xatırladıb:
“Heç bir pozuntu olmadı və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapdı. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm”. Sonda ölkə başçısı 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu söyləyərək əlavə etdi ki, Azərbaycan bir daha dünyaya müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bildiyini sübut etdi”.
Prezidentin siyasi mesajları
İqtisadçı Azər Mehtiyev prezident İlham Əliyevin yeni il təbrik çıxışında iqtisadi mesajlarla bağlı siyasi mesajların da olduğunu düşünür.
İqtisadçı Meydan TV-nin bu barədə suallarını cavablandırarkən bildirib ki, dövlət başçısı cəmiyyətə hər zaman siyasi məqsədlərə uyğun mesajlar ötürür.
O deyib ki, diqqətçəkən məqam hər zaman prezidentin və ölkə rəsmilərinin iqtisadi böhranın dünya iqtisadiyyatına bağlı olduğunu iddia etməsi idi, yəni böhranın daxildən qaynaqlandığını etiraf etmirdilər:
“Əslində, İlham Əliyevin təbrik çıxışında da diqqət onun üzərində qurulmuşdu ki, hər şey normal gedirdi, sadəcə, dünya iqtisadiyyatındakı proseslər belə bir böhranla nəticələndi. Ancaq ölkədə iqtisadi durum böhranı inkar etməyin mümkünsüzlüyünü göstərir. Bu mənada Əliyevin böhranı müəyyən dərəcədə etiraf etməsi də gözlənilən idi”.
“İslahatlar gerçəkləşməsə, böhranın qarşısını almaq mümkün olmayacaq”
Böhran 2014-cü ildən, neft gəlirlərinin azalmasından sonra başladığını xatırladan A.Mehtiyev deyir ki, 2015-ci ildə böhran özünü çox kəskin göstərdi, yerli valyuta iki dəfə devalvasiyaya uğradı:
“Bu prosesdə gözlənilən o idi ki, hökumət 2016-cı ildən islahatlara başlamalı idi. Bəli, sahibkarlar, investorlar üçün müəyyən stimullar yaradan addımlar atıldı. Söhbət lisenziyalaşdırma şərtlərinin asanlaşdırılmasından, investisiyaların təşviqindən gedir, ancaq məsələ yalnız bunlardan ibarət deyil. Ölkə iqtisadiyyatı daha ciddi islahatlara ehtiyac duyur. Düzdür, “Strateji Yol Xəritəsi” hazırlandı, amma yenə də 2016-cı ildə iqtisadi böhranı aradan qaldıra biləcək islahatların həyata keçiriləcəyini söyləmək mümkün deyil. Yəni bu islahatlar yönündə ayrı-ayrı addımlar atılsa da, kompleksli, sistemli addımların şahidi olmadıq. Ola bilsin ki, bu il – 2017-ci ildə hökumət sistemli tədbirlər görsün. Kompleks addımların atılması qaçılmazdır, çünki iqtisadi islahatlar gerçəkləşməsə, böhranın qarşısını almaq mümkün olmayacaq və böhran daha da dərinləşəcək”.
Azər Mehtiyev hesab edir ki, hansısa mürəkkəb sənədlərin hazırlanmasından asılı olmayaraq, iqtisadi böhranın aradan qaldırılmasında ən vacib məsələ biznes mühitinin yaxşılaşdırılmasıdır. Bu da hansısa stimulların təqdim edilməsilə deyil, ölkədə inhisarçılığın, məmur sahibkarlığının, korrupsiyanın aradan qaldırılmasından, mülkiyyət toxunulmazlığı zəmanətindən, hər kəsin qanun qarşısından bərabərliyindən və nəhayət, ədalətli məhkəmə sisteminin yaradılmasından keçir. Əgər bu şərtlər olmasa, digər addımlar dəyişikliklərə az təsir edəcək. Çünki iqtisadiyyatımızın əsas problemləri inhisarçılıq, korrupsiya, məmur özbaşınalığı, ədalətsiz məhkəmədir. Eyni zamanda, idarəetmədə sərt mərkəzləşmədən imtina olunmalı, daha çox əksmərkəzləşmə həyata keçirilməli və təşəbbüskarlıq yerlərə ötürülməlidir ki, əyalətlərdəki xırda problemlərin həlli mərkəzdən verilən qərarlardan asılı olmasın.
“Dövlət büdcəsi 2007-ci ilin səviyyəsinə düşüb, təsəvvür edin, 10 il geriləmə olub”
AXCP sədri Əli Kərimli təəssüflə bildirdi ki, İlham Əliyev təbrik çıxışında növbəti dəfə Azərbaycan xalqına həqiqətə uyğun olmayan məlumat verdi:
“Doğrusu, bir az çətinlik çəkirəm ki, Əliyev çıxışlarını hansı məntiqlə həqiqətə uyğun olmayan məlumatlar əsasında qurur. Azərbaycan xalqını aldatmaq bu qədər asandırmı? Necə iddia etmək olar ki, Azərbaycandakı böhran dünyadakı iqtisadi böhranla bağlıdır? Yəni azərbaycanlıların dünya mətbuatından xəbərləri yoxdur, dünyada böhranın olmadığını bilmirlər? Avropa Birliyi ölkələrində, Çində, ABŞ-da, Kanadada, Asiya ölkələrində inkişaf var. Bəs böhran hardadır? Venesualada, Ekvotiral Qvineyada, Nigeriyada və Azərbaycandadır böhran. Necə iddia etmək olar ki, 2016-cı ildə Azərbaycan xalqının pul gəlirləri 9, orta aylıq əməkhaqqı 7 faiz artıb? Xalq bilmirmi gəlirləri artmayıb, azalıb?! Real pul gəlirlərindən söhbət gedirsə, alıcılıq qabiliyyəti nəzərdə tutulmalıdır. Dollarla ekvalent götürəndə 2016-cı ilin 11 ayında əhalinin pul gəlirləri 11 milyard dollar azalıb, 30 faizə yaxın. 2 ildə isə əhalinin gəlirləri 41 faiz azalıb. Necə ola bilər, 2 ildə orta aylıq əməkhaqqı 566 dollardan 314 dollara düşüb, təkcə bir ildə orta aylıq əməkhaqqı 147 dollar azalıb, amma dövlət başçısı “xəbəriniz yoxdur, əməkhaqqınız 7 faiz artıb” söyləyir. Yaxud aqrar sektor necə inkişaf edib ki, əksər kənd təsərrüfatı məhsullarının idxalı artıb? Dövlət büdcəsi 2007-ci ilin səviyyəsinə düşüb, təsəvvür edin, 10 il geriləmə olub. Yalnız son 2 ildə Ümumi Daxili Məhsul 34,5 milyard dollar azalıb, onun 18,5 milyard dolları qeyri-neft sektorunun üzərinə düşür. Yaxşı, neftin qiymətinin enməsini anladıq, 2 ildə Ümumi Daxili Məhsulda 16 milyard ziyanımız neftin qiymətinin düşməsilə bağlıdır. Bəs qeyri-neft sektorundakı 18,5 milyard dollar geriləməyə görə kim cavab verəcək? Necə iddia etmək olar ki, 2016-cı ilin nəticələri neftin qiymətinin enməsinə görə pisdir? Söhbət ötən ildən gedirsə, 2016-cı ilin əvvəli ilə sonunda neftin qiyməti 70 faizə qədər qalxıb. Bəs niyə özlərinin elan etdiyi rəsmi statistikayla Ümumi Daxili Məhsulun 4 faiz geriləmısi var?”
“Rəsmən 50 min iş yerinin qapandığını elan edirlərsə, hansı iqtisadi uğurlardan danışmaq olar?!”
AXCP sədri hesab edir ki, ölkə başçısı nitqində tamamilə əsassız nikbin fikirlər səsləndirməklə böhranın ört-basdır edilməsinə cəhdlər edib:
“Xalq növbəti dəfə aldadıldı, əsl reallıqları etiraf edib islahatlara başlamaq əvəzinə islahatların imitasiyasına növbəti dəfə cəhd olundu. Guya, 2016-cı il ciddi islahatlar ili imiş, bəs xalqın niyə xəbəri yoxdur?! Hansı islahatlar həyata keçirilib, azad sahibkarlıq üçün şərait yaradılıb? Bəlkə rəqabət mühiti formalaşıb, mülkiyyət hüququna təminatlar verilib, xarici sərmayədarlar ölkəyə axın edib? 2016-cı ildə 2015-ci illə müqayisədə 21 faiz xarici sərmayə azalıb, yüzlərlə xarici şirkət ölkəni tərk edib, onlarla bank bağlanıb, yüzminlərlə insan əmanətlərini itiriblər, hələ rəsmən 50 min iş yerinin qapandığını elan edirlərsə, hansı iqtisadi uğurlardan danışmaq olar?!”.
“Vəziyyət pisləşəcək, amma obyektiv səbəbdən yox…”
Əli Kərimli 2017-ci ildən gözləntilər haqda suala belə cavab verib:
“Çox təəssüf ki, vəziyyət yenə pisləşəcək. Açığı, bu barədə danışmağa çətinlik çəkirəm, çünki biz siyasətçilər, iqtisadçılar vəziyyətin pisləşəcəyini deyirik, sanki əhali də buna hazırlanır, pisləşdikcə, şəraitə itaət edirlər. Hamı yeni şəraitə adaptasiya olunur. Vəziyyət pisləşəcək, amma obyektiv səbəbdən yox, yanlış, səhv idarəetməyə, xalqın sərvətlərinin mənasız layihələrə xərcləndiyinə, korrupsiya davam etdiyinə görə. Ona görə də Azərbaycan xalqı 2017-ci ildə nəzərə almalıdır ki, özü dövlət hakimiyyətinə sahib çıxmayana, xalq tərəfindən seçilən parlament formalaşmayana, demokratik islahatlar və dövlət xalqı saymayana qədər vəziyyət pisləşə-pisləşə gedəcək”.
“Ümumi sözlər, pafoslu ifadələr Əliyevin çıxışının əsasını təşkil edirdi”
Müsavat Partiyasının başqanı Arif Hacılı İlham Əliyevin çıxışını “populist vədlər” deyə xarakterizə edib:
“Həmişə olduğu kimi problemlərin həlli barədə yox, daha çox həyata keçirilməsi mümkün olmayan populist vədlərdən ibarət çıxış idi. Konkret olaraq, 2017-ci ildə həm böhrandan çıxmaq üçün, həm Qarabağ probleminin həlli istiqamətində, həm də iqtisadi böhrandan çıxmaqdan ötrü real olaraq hansı addımların atılacağı, hansı iqtisadi islahatların aparılacağı barədə heç nə deyilmədi. Əvvəlki illərdə olduğu kimi, yenə də ümumi sözlər, pafoslu ifadələr Əliyevin çıxışının əsasını təşkil edirdi”.
Ancaq Müsavat başqanının 2017-ci ildən gözləntiləri çoxdur, çünki Azərbaycan cəmiyyətinin mövcud vəziyyətə qarşı fədakar mübarizə aparacağına inanır:
“Hazırkı hakimiyyətdən isə heç vaxt heç nə gözləmirəm. 2017-ci ildə də hakimiyyətin xalqın mənafeləri naminə hansısa real ciddi addımlar atacağına inanmıram”.