İlham Əliyev: Neftin qiymətindən asılılığımızı azaltmışıq

Natiq Cəfərli: Ölkə qazancının hər 10 dollardan 9,4 dolları neftdən asılıdırsa, çoxşaxəli modelə keçməkdən danışmaq yersizdi

Source:
İlham Əliyev foto APA
İlham Əliyev foto APA


Natiq Cəfərli: Ölkə qazancının hər 10 dollardan 9,4 dolları neftdən asılıdırsa, çoxşaxəli modelə keçməkdən danışmaq yersizdi

“Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb”, – İlham Əliyevin sözləridir. O, bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışı zamanı belə deyib.

Prezident bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub. Ancaq bu gün neftin qiyməti həmin rəqəmdən 2 dəfə bahadır:

“Vəziyyətdən minimal zərərlə çıxacağımızı düşünürəm. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var: “Postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. İşsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

Prezident İlham Əliyevin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, xarici ticarət balansı Azərbaycanın neftdən nə qədər asılı olduğunu aydın göstərir. Əgər ölkənin ixracatında qaz-neft məhsulları az qala 94 faiz təşkil edirsə, bu, həmin ölkənin iqtisadiyyatının ciddi şəkildə enerji məhsullarından asılı olduğunun göstəricisidir:

“Ümumdaxili Məhsula gəldikdə, asılılıqdan da danışmaq lazmdır, çünki neft pulları büdcəyə daxil olur və ordan təmir-tikinti sektoruna və digər sahələrə yönəlir. Neft pulları olmasa, xərcləmələr də olmayacaq. Xərcləmələr olmayanda isə Ümumdaxili məhsulda deyilən sahələrin göstəriciləri xeyli dərəcədə aşağı düşəcək. Bu, təmir-tikinti sektorunda özünü büruzə verir. 2016-cı ilin 9 ayında Ümumdaxili məhsul 4 faiz azalıb, ən böyük azalma da təmir-tikinti sahəsindədir. Səbəb də məlumdur-neft pulları azalıb. Yəni birbaşa və dolayı asılılığı götürsək, Ümumdaxili məhsulun böyük bir hissəsi neftdən asılıdır. Ölkə qazancının hər 10 dollardan 9,4 dolları neftdən asılıdırsa, bu, neftdən asılılığın azalmağından və çoxşaxəli modelə keçməkdən danışmaq yersizdir. Çoxşaxəli modelə o vaxt keçməkdən danışmaq mümkündür ki, qeyri-neft sektorunun ixracatında ciddi artım olsun”.

Natiq Cəfərli foto Meydan TV

Prezidentin yoxsulluq və işsizlikliklə bağlı səsləndirdiyi rəqəmlərə gəlincə, Natiq Cəfərli deyir ki, prezidentin çıxışı Azərbaycanda sovet dövründən qalma hesabalamanın hələ də qaldığını xatırladır:

“Dünyanın qəbul etdiyi yoxsulluğun hesablanması modelləri Azərbaycanda işləmir. Rəqəmləri aşağı çəkmək, rəsmi statistikada müəyyən düzəlişlər etməklə belə nəticələr əldə etmək mümkün olsa da, bu, reallığı əks etdirmir. Hamı bilir ki, son zamanlar xeyli dərəcədə işsizlik artsa da, bu istiqamətdəki rəqəmlər dəyişməyib. Elə 5 faiz civarında qalır. Çünki yalnız qeydiyyata düşən rəsmi işsizlərin statistikası aparılır. Azərbaycanda isə işsiz qalan 10 nəfərdən biri Məşğulluq İdarəsinə müraciət edir. Çünki insanlar bu barədə əhatəli məlumata malik deyil. Əslində, şəxs müraciət etmirsə, o işsiz sayılmır, amma bu doğru yanaşma deyil. Əgər son 3 ildə ticarət dövriyyəsi azalıbsa, işsizliklə bağlı yaranan problemlər gözlə görünən həddədirsə, 3 ildə işsizlərin 5 faiz civarında olması deyilənlərin nə qədər reallıqdan uzaq olduğunu açıq-aşkar sübut edir”.

Natiq Cəfərli prezidentin “böyük həcmdə valyuta və qızıl ehtiyatları sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə olunması” barədə fikirlərini isə belə şərh etdi:

“Prezident Dövlət Neft Fondunda toplanan 32 milyard dollar vəsaiti nəzərdə tutur, amma Azərbaycanın 120 milyard qazandığını nəzərə aldıqda, fonddakı pul o qədər də yaxşı göstərici deyil. Valyutaya olan tələbatımızı, öhdəliklərimizi nəzərə aldıqda, fonddakı vəsait o qədər də böyük deyil. Neftin qiyməti qalxmasa, yaxın 2 ildə 32 milyardın tamamilə xərclənməsi gözlənilir. Həm də yığılan vəsait heç də qürur mənbəyi deyil. Çünki bundan daha artıq və effektiv xərcləmələr həyata keçirilməliydi”.

Ana səhifəAnalitikaİlham Əliyev: Neftin qiymətindən asılılığımızı azaltmışıq