İlham Əliyev: Müxalifətin kitabı bağlanıb

İsa Qəmbər: Əliyev hər ay eyni şeyləri təkrarlayır

Source:

“Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu”.

Bu bəyanatı prezident İlham Əliyev noyabrın 14-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubiley mərasimində

səsləndirib

.

Prezident bəyan edib ki, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı.

“Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”.

YAP-a Bakıda təsis konfransı keçirməyə imkan vermədilər

İlham Əliyev deyib ki, 25 il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanladılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirdi:

“Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin”.

Müxalifətə xaricdən komandalar verilir

İlham Əliyev müxalifətin xaricdən idarə olunduğu bildirib:

“Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin – beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”.

Onun sözlərinə görə, metodologiya da çox sadədir.

Foto AZƏRTAC

“Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, – mən canlanma deməzdim, – müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, – bunlara heç qüvvə də demək olmaz, – heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”.

Dövlət başçısı ölkədə bütün azadlıqların təmin olunduğunu deyib:

“Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb’’.

Hakimiyyətin deyəcək sözü olmadığı üçün debatlardan, açıq diskussiyalardan qaçır

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə deyib ki, İlham Əliyevin hər cümləsinin yalan olduğunu sübut etmək mümkündür. YAP-ın təsis konfransının Bakıda keçirilməməsinin əsas səbəblərindən biri Heydər Əliyevin paytaxta gəlmək istəməməsidir.

İsa Qəmbər deyir ki, Əliyevin son vaxtlar tez-tez yalan danışması maraqlıdır. Çünki Əliyev əvvəllər ildə bir, yaxud iki dəfə yalan açıqlamalar verirdi, amma son vaxtlar hər ay eyni şeyləri təkrarlayır:

İsa Qəmbər

“Görünür, hakimiyyətin vəziyyəti nə qədər ağırlaşırsa, dövlət başçısı bizim hakimiyyətimiz haqqında tez-tez yalanları təkrar etməyə başlayır. Amma bu yalanların hakimiyyətə heç vaxt köməyi olmayacaq. İstədikləri vaxt debatlara, canlı televiziya diskussiyalarına hazırıq, həqiqətlərin harda olduğunu da şərh edə bilərik. Hakimiyyətin deyəcək sözü olmadığı üçün debatlardan, açıq diskussiyalardan qaçır. Eyni zamanda, ölkədə vəziyyət dəyişdikcə, cəmiyyət kimin haqlı, kimin yalan danışdığını bilir”.

Bu cür böhtan xarakterli hücumlar göstərir ki, hakimiyyət çıxış yolu tapa bilmir

AXC hakimiyyətində baş nazir vəzifəsini tutmuş Pənah Hüseyn də İlham Əliyevin ittihamlarının ənənəvi hal daşıdığını və yeni olmadığını bildirib.

Pənah Hüseyn hesab edir ki, ölkədə vəziyyət pisliyə doğru inkişaf etdikcə, hakimiyyət çox ciddi problemlərlə üzləşdikcə, iqtidar problemlərin qarşısında aciz qaldığı şəraitdə özündən əvvəlki hakimiyyətləri, konkret siyasi rəqibləri günahlandırmaq metoduna əl atır.

“Bu yanaşma antidemokratik rejimlərin tarixində rast gəlinən adi haldır. Ölkədə mövcud vəziyyəti təhlil edib nəticə çıxarmaq əvəzinə, Dağlıq Qarabağ probleminin həllində heç nəyə nail olmadığı halda bu cür böhtan xarakterli hücumlar göstərir ki, hakimiyyət çıxış yolu tapa bilmir”.

P.Hüseyn qeyd edib ki, AXC hakimiyyəti demokratik seçki nəticəsində formalaşmış və bu, daxili və xarici müşahidəçilərin də gəldiyi qənaətdir.

“Elçibəy hakimiyyətinin bir ildə əldə etdiyi nailiyyətlərlə indiki hakimiyyətin 25 ildəki “nailiyyətlər”i müqayisə edilməzdir. Rüşvətxorluqdan başlasaq, indiki rejimin təkzib etmədiyi ümumdünya xarakterli korrupsiya nailiyyətləri ilə zəngindir. Bunun əvəzində 1992-1993-cü illərdə hakimiyyətdə olan şəxslərin mütləq əksəriyyəti barədə həbslər və başqa istintaq formasında tədqiqatlar aparılmasına baxmayaraq yüksək səviyyəli məmurun korrupsiyaya bulaşdığı aşkar edilməyib və ölkə daxilində, xaricində də bu istiqamətdə faktlar ortalığa qoyulmayıb.

Pənah Hüseyn foto sosial şəbəkə

Keçmiş baş nazir vurğulayıb ki, Elçibəy hakimiyyətinə qarşı yalnız əsassız, ümumi və böhtan xarakterli fikirlər səslənib.

“Əlbəttə, xırda xarakterli rüşvət halları ola bilər. Amma indiki hakimiyyətin də 1993-cü ildən apardığı araşdırmaları ciddi faktları aşkara çıxarmadı. Bununla belə hər il mövcud hakimiyyət təmsilçilərinin milyardlarla dollar mənimsəmələri, xarici banklardakı hesabları, İlham Əliyevin özü barədə xarici media və hesabatlardakı məlumatlar təkzibolunmaz sayılır”.

Pənah Hüseyn İlham Əliyevin YAP-ın 1992-ci ildə təsis konfransının Bakıda keçirilməsinə icazə verilmədiyi barədə fikirlərini belə şərh etdi:

“Ümumiyyətlə, “Siyasi partiyalar haqda” qanun bizim hakimiyyət dövründə imzalanıb qüvvəyə minib. O zaman partiyaların mütləq əksəriyyətyi qeydə alındı, hətta onlara fəaliyyət üçün ofislər də verildi. Əslində, partiyalaşmanın əsası 90-cı illərdə qoyuldu, seçki sistemi də hazırlanmışdı. Yeni Azərbaycan Partiyası da həmin dövrdə fəaliyyət göstərirdi, Naxçıxanda təsis konfransı isə partiya təsisçilərinin öz təşəbbüsü ilə keçirilib. Mən onda dövlət katibi idim, şəxsən YAP-ın Bakıda təsis konfransı keçirmək haqda müvafiq dövlət orqanlarına müraciətinə və ona cavab verilməsinə rast gəlməmişdim”.

Şükür ki, indi internet əsridir, hamının da gözü və ağlı var

AXCP sədri Əli Kərimli prezidentin söylədiklərinə “Facebook” səhifəsində şərh verib:

Əli Kərimli

“İlham Əliyev deyib ki, müxalifətin mitinqlərinə mane olmuruq. Ancaq xalq müxalifətə nifrət etdiyi üçün mitinqlәrә min nəfərdən də az adam gəlir. Nə deyək, təəccüblənəkmi? Bir adam ki, ölkədə cəmi 1,5 milyon daimi maaş alan olduğu halda, 1,7 milyon yeni iş yeri açmağından danışa bilir, yoxsulluğun 500 faiz azaldıldığını deyə bilir, 400 nəfər ATƏT müşahidəçisinin təsbit etdiyi 58 faizlik seçki saxtakarlığını danır, cəmi 3 ildə Ümumi Daxili Məhsulu 2 dəfə azalmış, valyutası 2,2 dəfə dəyərdən düşmüş, minimum əmək haqqı 68 dollar olan ölkənin analoqsuz inkişaf etdiyini deyə bilir, onun sözlərinə nəyə görə təəccüblənək? O biri dedikləri nə qədər doğrudursa, bu sözü də elə o qədər doğru olar. Şükür ki, indi internet əsridir, hamının da gözü və ağlı var”.

Ana səhifəXəbərlərİlham Əliyev: Müxalifətin kitabı bağlanıb