İlham Əliyev: Münaqişənin həlli çox sadədir

”Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik”

Source:



”Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik”

“Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi idi”.

Bunu yanvarın 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında deyib.

APA-nın məlumatına görə, prezident çıxışında münaqişənin həlli məsələsinə toxunub:

“Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”.

Prezident hərbçilər üçün salınan şəhərcikdə yaradılan şəraitdən, sosial vəziyyətin yaxşılaşdırılmasından da danışıb:

“Burada yaşamaq və xidmət aparmaq üçün bütün şərait var. Son illər ölkəmizdə 20-dən çox hərbi şəhərcik inşa edilib. Hərbi qulluqçuların sosial məsələlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biridir. Son illər ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi yüksək səviyyədədir:

“Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

Ana səhifəXəbərlərİlham Əliyev: Münaqişənin həlli çox sadədir