Ərdoğan: “Türkdilli dövlətləri terrorla mübarizədə Türkiyəyə dəstək olmağa çağırıram”
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.
Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə toplatısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Toplantıda Şuraya sədrlik Qırğızıstandan Azərbaycana keçdi.
Azərbaycan prezidenti bildirib ki, Əməkdaşlıq Şurası ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühim rol oynayır.
İlham Əliyev qeyd edib ki, zirvə görüşləri ənənəvi olaraq əməkdaşlığın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur və Bakıda keçirilən toplantı “Kiçik və orta sahibkarlığın inkişafı” adlanır.
O bildirib ki, Azərbaycanda ölkə daxilində və xaricində geniş fəaliyyətə malik sahibkarlar sinfi formalaşır. İlham Əliyevin sözlərinə görə, Sahibkarlığın İnkişaf Fondu tərəfindən indiyə qədər 36 min sahibkara 1,4 milyard dollar güzəştli kredit verilib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bəyan edib ki, danışıqlarda Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur.
“Ermənsitan 30 ilə yaxındır ki, beynəlxalq hüquq norma və prinsiplərini pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə tarixi mədəni irs, islam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri sıx əməkdaşlıq qursun, amma dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan ölkə müsəlman dövlətləri ilə dost ola bilməz”, – İlham Əliyev deyib.
Zirvə toplatısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyada başladığı hərbi əməliyyat barədə danışıb.
“Biz ayın 9-da çox vacib bir qərar qəbul etmişik. Keçirdiyimiz əməliyyatın 2 məqsədi var. Birincisi, Türkiyə sərhədlərində terror təhdidini yox etmək, ikincisi də, Türkiyədə sığınacaq tapmış 3 milyon 650 min suriyalını təhlükəsiz şəkildə öz evlərinə göndərmək. Onların da arasında 350 min Suriya kürdü var ki, onlar da digər suriyalılar kimi bizim qonağımızdılar”.
Ərdoğan bəyan edib ki, əməliyyat məqsədə çatana qədər davam edəcək.
“Hazırda əməliyyat çox uğurlu keçir. Bir həftə ərzində 1000 kvadrat kilometr ərazi azad edilib. Əməliyyat başa çatdıqdan sonra birinci mərhələdə bir milyon qaçqın, ikinci mərhələdə isə daha 2 milyon qaçqın öz ölkələrinə göndəriləcək”.
Ərdoğan türkdilli dövlətləri Türkiyənin terrorla mübarizəsində ona dəstək olmağa çağırdı.
Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri seçildi və İlham Əliyev ona Şuranın Ali ordenini təqdim etdi.
Nursultan Nazarbayev də çıxışında Əməkdaşlıq Şurasının təşkilata çevrilməsini təklif etdi. Bundan başqa o, 2040-cı ilə qədər nəzərdə tutulacaq “Türk baxışı” proqramının hazırlanmasını təklif etdi.
Tədbirin sonunda dövlət başçıları 2020-ci ildə Zirvə Toplantısının Türkiyədə keçirilməsi barədə qərar qəbul etdilər.