İlham Əliyev: Mən dəyişdirdim status-kvonu

Ölkə başçısı oktyabrın 9-da Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünə toxunub

Source: Azertac


“Ermənistana axırıncı şansı veririk”

“Azərbaycan Ordusu Hadrud qəsəbəsi ilə yanaşı bir neçə kəndi azad edib”.

Bu xəbəri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində səsləndirib.

İlham Əliyev bildirib ki, Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazili, Qışlaq, Qaracallı, Əfəndilər, Sur və Süleymanlı kəndlərini azad edib:

“Əməliyyat planı tam icra edilir”.

Prezident 27 sentyabrdan başlanan hərbi əməliyyatlar zamanı Ermənistanın itkilərinə də toxunub:

“16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib. Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”.

İlham Əliyev bildirib ki, Ermənistanın Azərbaycan ordusunun azad etdiyi hansısa əraziləri geri qaytardığı haqda məlumatları yalandır: “İstənilən hərbi müşahidəçi bunu görə bilər. Baxmayaraq ki, 30 ildə çox dərin istehkamlar qurublar, bəzi hallarda istehkamları keçmək 1-2 gün lazım olur. Amma buna baxmayaraq düşmən panikadadır, isterikadadır, gündə bir neçə dövlət başçısısna zəng edib yalvarır, özünü alçaldır, deyir, gəlin, bizi xilas edin. Onların xilas yolu bizim ərazilərimizdən çıxmaqdır. Bu gün bütün istiqamətlərdə döyüş gedir”.

Dövlət başçısı münaqişənin siyasi həllinə toxunaraq deyib ki, status-kvo deyilən məsələ yoxdur:

“Qurtardı getdi. Status-kvo belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax orda, döyüş meydanında. Status-kvo yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq. Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər? İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq – tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları, axıradək. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.

Ölkə başçısı oktyabrın 9-da Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünə toxunub:

“Onların Xarici işlər naziri gəlib Moskvaya danışıqlara. Gəlib orda desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ Respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu olmayacaq. Ona görə dünən və srağagün baş vermiş müstəvidə hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi, nəhayət, başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, ancaq bizim şərtlərlə o, oturub-duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da, biz bu torpaqlara qayıdacağıq. Onsuz da, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü. O cümlədən, Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpağımızı istəyirik. Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə, ya da müharibə yolu ilə. Birmənalı. Biz istəyirik ki, sülh yolu ilə alaq. Ermənistana axırıncı şansı veririk. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin qarşısında onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb”.

Ana səhifəSiyasətİlham Əliyev: Mən dəyişdirdim status-kvonu