Ölkə başçısı çıxışında yenə AXC-Müsavat hakimiyyətini hədəfə alıb
“Ermənilər Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”.
Bu açıqlamanı Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında
səsləndirib
.
Dövlət başçısı “İsgəndər M” raketinin qalıqlarını göstərək deyib ki, Azərbaycan ordusu Şuşanı azad edəndən sonra bundan istifadə ediblər:
“Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.
İlham Əliyev bildirib ki, Hərbi Qənimətlər Parkında 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını var:
“Digər texnikalar məhv edilib və qənimət kimi götürülüb”.
“Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi”
Ölkə başçısı tarixə ekskurs edərək deyib ki, 30 ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı:
“Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlayıb, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır”.
O, müstəqillikdən dörd ay sonra Xocalı soyqırımının törədildiyini söyləyərək bildirib ki, Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət, vəhşilik törətdi:
“Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıb. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü”.
“Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı”
İlham Əliyev AXC-Müsavat hakimiyyətini xəyanətdə ittiham edib:
“Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər”.
“İkinci Qarabağ müharibəsi zamanı düşmənin dəyirmanına su tökdülər”
“Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”.
“Mənə qarşı çevriliş cəhdləri oldu”
İlham Əliyevin sözlərinə görə, məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı:
“Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də, təhdidlər də oldu. Mənə qarşı çevriliş cəhdləri oldu. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istədilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün təzyiqlərə, bütün cəhdlərə, – ondan sonra da cəhdlər olmuşdu, – baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”.
“Madrid prinsipləri bizi tam qane etmirdi”
O, 2003-cü ildə dövlət başçısı seçiləndən sonra danışıqları sıfırdan başladığını vurğuladı:
“Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istədilər. Onu sonra anladım. Ancaq bununla paralel olaraq danışıqlar apararaq, eyni zamanda, hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu”.
İlham Əliyev deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi:
“Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik – kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”.
“Kim idi bunları təşkil edən, Minsk qrupuna həmsədrlik edən ölkələr”
Prezident ATƏT-nin Minsk Qrupunu da ittiham edib:
“Bunu da hər kəs bilsin, bir çoxu bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi. Mən müharibə dövründə dəfələrlə xalqa müraciət edərək demişdim, rədd olsun düşmən bizim torpağımızdan, mən müharibəni dayandırıram. Ona görə beynəlxalq müstəvidə hazırlıq aparılmalı idi. İqtisadi sahədə hazırlıq aparılmalı idi. Əgər biz hansısa bir ölkədən və yaxud da hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilərdikmi? Əlbəttə ki, yox. Bizə min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər”.
“Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm”
Ölkə başçısının fikrincə, Ermənistanın məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır:
“Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Mən nə qədər təzyiqlə üzləşdim – yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmiryolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə ver. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”.
“Sarkisyan mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır”
2016-cı ilin aprel hadisələrinə toxunan İlham Əliyev bildirib ki, o vaxt Ermənistana şans verilib:
“Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı şans verdik. O vaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları bizə qaytarmaq sözü verdi. O vaxt Aprel döyüşləri gedə-gedə onlar gecə-gündüz Moskvaya, Rusiyanın Baş qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın, yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın və başlamışdır. Müharibə dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan sonra dərhal may ayında görüş keçirildi. İyun ayında Rusiyada Zirvə görüşü keçirildi. Sarkisyan mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır. Mən söz verirəm ki, bunu həll edəcəyəm. Dedim yaxşı, çıxdı getdi. Ondan sonra orada ya özləri təşkil etmişdilər, ya da öz-özlüyündə belə bir hadisə baş vermişdir, polis bölməsini zəbt etmişdilər. Bunu bəhanə gətirərək imtina etdi. Yenə də bizi aldatdılar. Tək Sarkisyan yox, onların hamısı. 2018-ci ildə Naxçıvan əməliyyatı, yenə də onlara dərs verdik, yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. O da dərs olmadı. O da düşdü hakimiyyət dəyişikliyinə. Ermənistana təzə hakimiyyət gəlmişdi. Ondan bir ay sonra biz Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, – indi bu, sirr deyil, – bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı. Ondan sonra yeni hakimiyyət bizdən vaxt istədi. Dedi ki, vaxt verin biz burada daxili problemləri, köhnə xunta nümayəndələrinin problemlərini həll edək, biz həll edəcəyik. Bizi yenə də aldatdılar. Ondan bir il sonra Ermənistanın Baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir. Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq – bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başladı”.
“Bu cür erməni təbliğatına dəstəvuz verilməsini dövlət başçısının dilindən eşidəndə…”
AXC hakimiyyəti dönəminin Baş naziri olan Pənah Hüseyn Meydan TV-yə bildirib ki, Prezidentin söylədikləri siyasi məqsəd daşıyır və öz opponentlərinə qarşı təbliğatdır:
“Deyilənlər əvvəllər də səslənib, cavab vermişik. Məsələ ondadır ki, erməni mənbələri də Əliyevə istinadən deyirlər ki, onlar torpaqları işğal etməyiblər, təhvil alıblar, yaxud azərbaycanlılar özləri tərk edib. Bu cür erməni təbliğatına dəstəvuz verilməsini dövlət başçısının dilindən eşidəndə, təəssüflənməkdən başqa yol qalmır. Şübhəsiz, siyasi rəqabət təbiidir, amma Qarabağ məsələsi, torpaqların azad olunmasını istər hakimiyyətə gəlmək və istər onu saxlamaq üçün istifadə yolverilməzdir. Qarabağ məsələsi daxili mübarizənin fövqündə dayanmalıdır”.
Pənah Hüseyn bildirib ki, Şuşa və Kəlbəcərin işğalı ilə bağlı indiki hakimiyyətin dövründə istintaq-məhkəmə prosesləri gedib:
“Həmin dövrün olayları haqda məhkəmə qərarları çıxarılıb, Azərbaycan Xalq Cəbhəsinin siyasi rəhbərliyinə daxil olanlar şahid kimi də məhkəməyə dəvət olunmayıblar. Şuşa və Xocalı barədə hərbi vəzifəlilər haqqında istintaq aparılıb, amma məhkəmə hökmü yoxdur. 2003-cü il hadisələrinə gəldikdə, İlham Əliyevin hakimiyyəti zamanı məhkəmə hərəkəti aparılıb, hansısa çevrilişdən söhbət getməyib, ittiham da və məhkəmə qərarı da olmayıb. İkinci, o dövrdə Ali Məhkəmə mən də daxil 1200 şəxs barədə əvvəlki instansiyaların qərarını ləğv edib”.
“Bizim aylarla çalışıb çıxartdığımız rus ordusunu, İlham Əliyev bir gecədə qaytardı”
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev də Əliyevin haqqında söylədiklərindən təəssüflənib:
“Mən dövlətin adından çıxış edən adamın belə ifadə işlətməsindən çox təəssüflənirəm. 18 il dövlət ərkanında oturan adam danışığına fikir vermir, çox təəssüf. İlham Əliyevin oturduğu kreslo dövlətin simasıdır, mən o kresloya hörmət edərək ona uyğun cavab vermirəm. Çünki Azərbaycan dilini yaxşı bilirəm. Dövlət başçısı hər kəlməsinin qiymətini bilməlidir və dediklərinin cavabını alacağını da düşünməlidir”.
Rəhim Qazıyevin sözlərinə görə, ona yapışdırılan həmin ifadə yayılan zaman İlham Əliyev Moskva-İstanbul arasında alverlə məşğul idi:
“Bu baxıman onun mənim dediklərimdən qətiyyən xəbəri ola bilməzdi. Dəfələrlə demişəm ki, həmin ifadəni ölkə başçısına çatdıran adamlar çıxışın orjinalını ortaya qoyan kimi həmin gün onun ayağının altında başıma güllə vuracam. İlham Əliyev dediklərinə əmindirsə, buyursun. Hər halda mən millətimizi Jirinovski, Solovyov kimi təhqir etməmişəm. Ancaq Əliyev bu adamları kabinetində qəbul edib. Nəhayət, bizim aylarla çalışıb çıxartdığımız rus ordusunu, İlham Əliyev bir gecədə qaytardı. Bir daha deyirəm, Əliyev ona həmin yalanı çatdıranları tənbeh etsin, ayıbdır”.
“Vaxtında biz qiyamı yatırsaydıq, İlham Əliyev…”
“İlham Əliyev məlum çıxışıyla tərbiyəsini nümayiş etdirib”. Bu sözləri isə Meydan TV-yə Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev deyib.
“Bəli, mən Heydər Əliyevin təşkil etdiyi və Sürət Hüseynovun 1993-cü ilin iyunun 4-də həyata keçirdiyi qiyama qarşı hərbi müdaxilənin tərəfdarı olmuşam və bu gün də fikrimdə qalıram. Çünki vaxtında biz qiyamı yatırsaydıq, İlham Əliyev bu gün öz əxlaqına uyğun o cür çıxış etməzdi və noyabrın 10-da Azərbaycanın strateji maraqların zidd sənədi imzalamazdı. İkinci, Naxçıvandakı hadisələrdə mən olmamışam, həm də Prezident Əbülfəz Elçibəy baş verənləri sülh yoluyla aradan qaldırdı. Əslində, o zaman daxili işlər naziri İsgəndər Həmidovun əmrinin icra olunmasına Naxçıvan rəhbərliyi əngəl törətmişdi”.
F.Hacıyevin sözlərinə görə, İlham Əliyevin AXC hakimiyyətinə qarşı sərt çıxışlarının mahiyyəti ondan ibarətdir ki, o, yaxın zamanlarda Ermənistanla Rusiyada hazırlanan sülh sazişini imzalayacaq:
“Bizdə həmin imzalanacaq sülh sazişi haqda məlumatlar var. Sənəddə Azərbaycanın maraqlarına zidd müddəalar var. Artıq uzun müddətdir ki, Əliyev Azərbaycanda Rusiyameylli siyasət aparır. Bu mənada Azərbaycanda “beşinci kolon” yoxdur, çünki Əliyev Kremldən gələn tapşırıqları can-başla yerinə yetirir. Məsələn, Ukraynada Zelenskiy xalq tərəfindən seçilib, o, Moskvanın adamı olan Medvedçuku sıradan çıxarır. Medvedçukun komandası Ukraynada “beşinci kolon” sayılır, parlamentdə də 10 faiz civarında yerləri var. Azərbaycanda isə “beşinci kolon” Əliyevin özüdür”.