İlham Əliyev köçkünlərin ilin sonunadək Laçına qayıdacaqlarını açıqladı

Laçın. Foto: Meydan TV

“Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir”

Prezident İlham Əliyev 2023-cü ilin sonuna qədər məcburi köçkünlərin Laçına qayıdacağını deyib.

Bu barədə İlham Əliyev Laçın rayonuna yeni təyin etdiyi xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən danışıb.

Prezident xatırladıb ki, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilib:

“Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

Ölkə başçısı vurğulayıb ki, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib:

“Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Xaricdə yaşayan ermənilər Zabux kəndində, yenə də deyirəm, o cinayəti törədən Ermənistan dövləti ilə birlikdə bir kənd salmışdılar, evlər tikmişdilər. O evlərdə indi bizim hərbi birləşmələrimizin şəxsi heyəti yerləşir. Ancaq Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır”.

Foto: “president.az”

Güləbird və Qorçu kəndlərinin Baş planı mənim tərəfimdən təsdiqləndi. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə – bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də, çox keçmiş köçkünü yerləşdirəcəyik. Laçının bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, şəhərin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur”,– Əliyev belə deyib.

İlham Əliyevun sözlərinə görə,  gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. 

Prezident azad edilən bütün rayonlarda işlərin paralel surətdə aparılmasına çalışdığını bildirib:

Məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq”.

O, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəyini də qeyd edib.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli 10 noyabr bəyanatına əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Ermənistan ordusu tərəfindən boşaldılıb.

İlham Əliyev bu gün, martın 28-də Laçına xüsusi nümayəndə təyin edib.

Ana səhifəSiyasətİlham Əliyev köçkünlərin ilin sonunadək Laçına qayıdacaqlarını açıqladı