İlham Əliyev: İcra hakimiyyətlərinin xətti ilə 80-90 min hektarda əkin aparılacaq

“Effektiv idarəetmə+azad təşəbbüskarlıq+sərmayə = İnkişaf”

Source:


“Effektiv idarəetmə+azad təşəbbüskarlıq+sərmayə = İnkişaf”

Prezident İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə 80-90 min hektarda əkin aparılacaq. Dövlət başçısı vurğulayıb ki, taxılçılıqla bağlı işlərə yerli icra orqanları da qoşulub.

Bu, prezidentin yerli icra orqanlarının iqtisadiyyata töhfəsi ilə bağlı ilk çıxışı deyil. Prezident bu ilin sentyabrında yerli icra orqanları öz rayonlarına yerli və xarici özəl sərmayə cəlbinə çalışmağa çağırıb. Əslində, ölkə iqtisadiyyatının indiyədək əsas təkanverici qüvvəsi dövlət büdcəsi olub. Ekspertlər isə həmişə belə bir ortaq qənaəti paylaşıblar ki, dövlət sahibkar olmamalıdır. Yəni, fermer təsərrüfatları, əkinlər özəl təşəbbüsün nəticəsində olmalıdır. Hökumətin indiyə kimi də, belə təşəbbüsləri olub və bu, dövlətin adına bağlanıb. Məsələn, hökumətin 2012-ci ildəki fəaliyyəti barədə hesabatında yazılıb ki, prezidentin tapşırığı ilə Ağcabədi və Beyləqanda iri özəl taxılçılıq təsərrüfatları yaradılıb. Hökumət taxıl ehtiyacını ödəməkdən ötrü özəl sektorun təşviqindənsə, büdcə vəsaiti hesabına taxılçılıq təsərrüfatları yaratmağa üstünlük verib.

İqtisadçı ekspert Rövşən Ağayev “Facebook” səhifəsində yazır ki, belə görünür, yerli icra hakimiyyətləri artıq sırf təsərrüfatla məşğul olan quruma çevrilir: “Bazar iqtisadiyyatı, azad sahibkarlıq, özəl sektor bu prosesin harasında qaldı, bunu bir qədər sonra – sel dayananda biləcəyik. Amma baxın, hamının maşını düz sürdüyü yolda arxa-arxaya maşın sürmək olarmı? Olar, amma nəticələri çox pis qurtarar”.

Ekspert bildirir ki, ölkədə regional inkişaf gücləndirilmədən, beynəlxalq təcrübədə artıq prioritet olan “sektorial inkişaf” yanaşmasından “bölgə inkişafı” yanaşmasına keçid təmin edilmədən, regionlara sosial-iqtisadi muxtariyyət verilmədən, rəqabət qabiliyyətli bölgə iqtisadiyyatı formalaşdırılmadan aqrar sektora çəkilən xərclər və zəhmətlər hədər gedəcək: “Fürsətləri imkanlara çevirməyin yolu heç də təkcə böyük sərmayələrdən keçmir”.

R.Ağayev qeyd edir ki, bu işlərin düsturu bəllidir:

Effektiv idarəetmə+azad təşəbbüskarlıq+sərmayə = İnkişaf

Ana səhifəXəbərlərİlham Əliyev: İcra hakimiyyətlərinin xətti ilə 80-90 min hektarda əkin aparılacaq