Prezident: “Hazırda siyahılar dəqiqləşdirilir”
“Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində şəhid ailələrinə 11 min manat pulun verilməsi barədə Fərmanının icrası barədə danışarkən deyib.
“Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.
İlham Əliyev xatırladıb ki, aprel ayında növbədənkənar prezident seçkilərindən sonra imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub.
“Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır”.
Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər. Şəhidlərin vərəsələrinin bir qrupu Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.
Bununla bağlı məsələ Milli Məclisdə də müzakirə predmetinə çevrilib.
Dekabrın 13-də Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Moskvada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədov 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu
bildirmişdi.
O, “Facebook” səhifəsində yaydığı müraciətdə qeyd edib ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə iş adamları, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər.