“İlham Əliyev hakimiyyəti seçim qarşısındadır”

“Azərbaycan hakimiyyəti bu ilin sentyabrına – NATO-nun növbəti sammitinə qədər öz mövqeyini ortaya qoymalıdır”

Source:


“Azərbaycan hakimiyyəti bu ilin sentyabrına – NATO-nun növbəti sammitinə qədər öz mövqeyini ortaya qoymalıdır”

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai-ın Azadlıq Radiosunun Brüssel müxbiri Rikard Jozwiak-a müsahibəsində Cənubi Qafqaz, xüsusən Azərbaycanla bağlı məqamlara toxunub.James Appathurai bildirib ki,Azərbaycanın enerji kimi sahələrdə maraqları var: “Azərbaycan bizə əməliyyatlarda da dəstək verir və biz buna görə ona minnətdarıq. Bu baxımdan biz enerji təhlükəsizliyi kimi məsələləri nəzərdən keçirə və həm də baxa bilərik ki, görək, daha nələr etmək olar”. O, “Bu o deməkdirmi ki, Ermənistan, Azərbaycan və Moldova artıq gələcəkdə NATO-ya üzv olmaq yolundadırlar?” sualına “Əlbəttə yox, bu üç dövlətin heç biri NATO-ya üzv olmağa can atmır” deyərək əlavə edib ki, Moldova neytraldır: “Ermənistanın alyansa qoşulmaq istəyi yoxdur, bildiyimə görə, Azərbaycanda da belə istək yoxdur. Moldovanın istədiyi odur ki, Rusiya tərəfdən təzyiq hiss etdiyi üçün ona təcili köməklik göstərilsin”.

Yaranmış durumu Meydan TV-yə şərh edən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bildirib ki, maraqlı proseslərə start verilib: “NATO heç bir zaman əməkdaşlığa bu qədər açıq olmayıb. Bizim qərb ekspertlərindən əldə etdiyimiz ilkin məlumatlara görə, NATO Azərbaycana bir sıra istiqamətlərdə dəstək verməyə hazır olduğunu bəyan edə bilər”.

Cəsur Sümərinli deyib ki, ilkin məlumatlara görə, enerji təhlükəsizliyi sahəsində NATO-nun Azərbaycana aşağıdakı istiqamətlərdə dəstəyinin təklif ediləcəyinə dair ilkin məlumatlar var: “Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində müzakirələri nəzərdə tutan xüsusi NATO toplantısının keçirilməsi; Azərbaycana enerji məsələləri üzrə NATO-nun xüsusi tərəfdaşı statusunun verilməsi;

Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində NATO-nun dəstəyini nəzərdə tutan konseptual sənədin hazırlanması; Dənizdə (Xəzərdə), havada və quruda Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında NATO-nun mütəxəssis dəstəyi, kadrların hazırlanması; Enerji təhlükəsizliyinin təmin olunmasında NATO mühafizə qüvvələrinin və avadanlıqlarının yardımı və. s”.

C.Sümərinli deyib ki, NATO və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi planı var. “Hazırda bu əməkdaşlıq Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və digər sənədlər çərçivəsində həyata keçirilir. Müstəqil qiymətləndirmələrə görə qənaətbəxş səviyyədə deyil. Əldə etdiyimiz məlumatlara görə, NATO tərəfindən yeni sənədin təqdim edilməsi planı var. Bu plan həm hərbi, həm də hərbi-strateji xarakter daşıyacaq”.

Hərbi ekspert Bakının qərarının necə olacağını gözləməyi vacib sayıb: “Görək siyasi Bakının qərarı neçə olacaq. Əslində İlham Əliyev hakimiyyəti seçim qarşısındadır. Əldə edilən məlumatlara görə, Azərbaycan hakimiyyəti bu ilin sentyabrına – NATO-nun növbəti sammitinə qədər öz mövqeyini ortaya qoymalıdır”.

Ana səhifəXəbərlər“İlham Əliyev hakimiyyəti seçim qarşısındadır”