Dövlət əmlakını talayanlara, korrupsionerlərə münasibətdə humanizm işə düşür…
Gədəbəyin keçmiş icra başçısı, bir vaxtlar vətən torpağının keşiyində dayanan qazi Saleh Rüstəmli qanunsuz həbsinə etiraz olaraq keçirdiyi aclıq aksiyasını davam etdirir. Suçu hər kəsə bəllidir: Rusiyada qazandığı pullardan Azərbaycanda hakimiyyətin basqısı, təqibi altında olan, türmələrə salınan müxalif fəallara yardım edib. Hakimiyyətdəkilərin düşüncəsinə görə, belə müxalif mövqeli fəallar və onların ailələri daim təzyiq altında olmalı, aclıq və səfalət içində yaşamalıdırlar. Kimsə öz halal qazancından belə onlara yardım etməməlidir. Saleh Rüstəmli məhz xeyirxah əməlinə görə narkotik ittihamı ilə tutulub, sonradan “əsl cinayəti” üzə çıxıb və o, “çirkli pul vəsaitlərini leqallaşdırmaqda” ittiham olunaraq 7 il 3 aylıq həbs cəzası alıb. Bu ittihamı ona bütünlüklə çirkab içində olanlar, büdcə vəsaitini dədə malı kimi talayanlar verib.
Aclıq aksiyasının 27-ci günündə olan Saleh Rüstəmli ilə bağlı son günlər cəmiyyətin ən müxtəlif təbəqələrindən dəstək müraciətləri gəlir. Səlahiyyətli qurumlardan və şəxslərdən onun azad edilməsi tələb olunur. Hər müraciətdə onun vətən qarşısında xidmətləri təkrarlanır, himayəsində əlil övlad olduğu vurğulanır. Ancaq səlahiyyət yiyələri hələ də susur, həm də ölümünə susurlar…
Cinayətkar cəzasız qalmamalıdır – bunu tez-tez eşidirk, ancaq hər gün hansısa cinayətkarın cəzasız qalmasına, ya da qısa müddətdə həbsdən buraxılmasına şahidlik edirik.
Qalmaqallı “MTN işi” hələ uzun müddət yaddaşlardan silinməyəcək. Ölkənin milli təhlükəsizliyinə sorumlu olan bir qurum, sən demə, başdan-başa cinayətkarlar yuvası imiş. Bunu məhkəmə prosesləri, şahid ifadələri sübut elədi. Bu nazirlikdən 21 nəfər cinayət məsuliyyətinə cəlb olundu, 25 nəfər zərərçəkmiş kimi tanındı.
Generallar Akif Çovdarov, Sübahir Qurbanov, Teymur Quliyev, Elçin Quliyev, Natəvan Mürvətova və başqaları cinayətkar kimi mühakimə olundu. 25 nəfər zərərçəkmiş kimi tanındı və onlara vurulan ziyanın ödənilməsi üçün bu generallara və başqalarına məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o sıradan 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və başqa qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyuldu. Onlara 3 ildən 12 ilə qədər həbs cəzası verildi. Cinayətin miqyası belə adamı dəhşətə gətirir, ancaq həmin adamlar bu gün haqq etdikləri yerdə – türmədə yox, azadlıqdadırlar…
Saleh Rüstəmli üçün istintaqın düzüb-qoşduğu ittihamda söhbət 412 min dollardan gedir, ancaq məhkəmədə bu rəqəm də ifşa olundu, onun etdiyi yardımıniki il ərzində vur-tut 10 min civarında olduğu ortaya çıxdı. Tutaq ki, Saleh bəy şəxsi vəsaitindən lap 500 min dollar yardım edib, bunun kimə nə isti-soyuğu var? Adamın zəhmətlə qazandığı pulun üzərində sərəncam vermək hüququ var. Yeri gəlmişkən, onun Rusiyada vicdanlı vergi ödəyicisi olduğu da sənədlərlə sübut olundu, yəni çirkli pullar ittihamının da saxta olduğu üzə çıxdı.
MTN generaları isə milyonları hədə-qorxu, işgəncə yoluyla müxtəlif adamlardan toplamışdılar. Məsələn, Akif Çovdarov Metropolitenin rəhbəri Tağı Əhmədovdan hədə-qorxu yoluyla 3 milyon manat almışdı. Onun hətta şəxsi izolyatorunun da olduğu bildirilirdi. Qurbanlar günlərlə burada saxlanılır, tələb olunan məbləğ ünvanına çatandan sonra azad edilirdi.
Əsas fiqurlardan olan Akif Çovdarov 12 il, Sübahir Qurbanov14 il müddətinə azadlıqdan məhrum edilsələr də, 2020-ci ilin aprelində onlar azadlığa çıxdı; hökm oxunandan 2 il sonra.
Bu cür misallar yüzlərlədir, dövlət əmlakını talayanlar, büdcə siçovulları, korrupsioner və rüşvətxor məmurlar hərdən tutulsalar belə, az sonra azadlığa çıxırlar, onlara münasibətdə humanizm işə düşür…
Saleh Rüstəmli Başkənd əməliyyatının rəhbəri və icraçısıdır. Gerçək bir qəhrəmandır. Azərbaycanda qiyam yoluyla devrilən hakimiyyətin ləyaqətli təmsilçisi olub, çevrilişdən sonra papağını götürüb ölkədən gedib, ancaq əqidə dostlarını, onların ailələrini unutmayıb, gücü çatandan kömək edib. Yeganə suçu budur…
İlham Əliyev müsahibələrində, çıxışlarında çox vaxt Qərbi, oradakı müxtəlif qurumları ədalətsizlikdə ittiham edir, bu isə o deməkdir ki, o, ədalətin və ədalətsizliyin fərqindədir.
Saleh Rüstəmli də canından artıq sevdiyi vətənində ədalətsizliyin qurbanıdır. Çox qəribədir, bu gün Azərbaycanda müxalifətlə (dırnaqlı və dırnaqsız) işləyən adamın da adı Ədalətdir…
Nə qədər gec deyil ədalətinizi göstərin!