Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edəcək
Deputat Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Bu barədə aprelin 8-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsindən azad olunmuşdu.
Yeni komitə sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilmişdi.
M.Qurbanlı 2014-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriydi.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Ramin Məmmədov 1979-cu ildə Ağdərə şəhərində anadan olub.
O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.
Ramin Məmmədov “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.
Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.
Eyni zamanda, 2008–2009-cu illərdə «Avrositi Holdinq»in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.
Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.