”Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir”
Prezident İlham Əliyevin sədrliyi ilə
iyulun 8-də
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Ölkə başçısı ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini bildirib.
Azərbaycanın dinamik inkişafından, Ermənistandakı 20 illik hakimiyyətin iflasa uğramasından danışan prezident deyib ki, Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirlər.
Bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür
Ölkədə baş verən hadisələrdən danışan İlham Əliyev kadr siyasətinin aparılacağını bildirib:
“Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər. Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa, dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüzminlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox halda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır”.
Korrupsiyaya qarşı mübarizədə sadəcə, siyasi iradə olmalıdır
İlham Əliyev qeyri-formal məşğulluğun Azərbaycanda kütləvi xarakter daşıdığını vurğulayıb:
“İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq”.
O, həm də korrupsiya ilə mübarizədən danışıb:
“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir”.
Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır
İ.Əliyev narahatlıq doğuran sahələrdən birinin də inşaat sektoru olduğunu deyib:
“İki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranıb və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərib. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.
Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır
Ölkə nəqliyyatının durumu haqqında prezident söyləyib ki, dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur:
“Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada – parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır”.
Prezident 2-4 iyulda yaranan elektrik enerjisi böhranına da toxunub:
“Bu sahəyə son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılıb. Əgər bu generasiya gücləri yaradılmasaydı, biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilib. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, – mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, – hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır”.