”İlham Əliyev bu vəziyyətdən salamat çıxmağın yollarını düşünür”


Yanvarın 14-də Müsavat Partiyasının respublika müşavirəsi keçirilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında Azərbaycan hakimiyyətinin yürütdüyü iqtisadi siyasəti tənqid edib. O bildirib ki, hakimiyyət büdcədə olan kəsirləri əhalinin hesabına ödəmək istəyir:

“İlham Əliyev deyir ki, son bir ildə Azərbaycanda insanların əmək haqqı 7 faiz artıb. Amma son illər ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi hansı dərəcəyə gəlib çatıb? Ölkədə faktiki olaraq qiymətlər 2 dəfə, bəzi hallarda 3-4 dəfə artıb. Gəlirlər bu illər ərzində 18 milyard dollar aşağı endiyi halda, iqtisadiyyat haqqında təkəbbürlə danışan siyasi xadimin, dövlət başçısının “əhalinin gəlirləri artıb, çünki əhalinin maaşı 7 faiz artıb” deməyə haqqı yoxdur”.

Arif Hacılı illər öncə Siyavuş Novruzovla olan debatını da xatırladıb:

“Mən ona məsləhət görmüşdüm ki, Amerika, Böyük Britaniya, Almanya ilə əlləşməyin. Azərbaycanı Polşa, Çexiya kimi ölkələrə çevirmək mümkündür, bu barədə düşünün. O, mənə gülərək demişdi ki, Çexiya nədir ki, Azərbayca ora kredit verir. Çexiya dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib bu illər ərzində. İndi Azərbaycan Çexiyadan, Avropan kredit istəyir. Bu, Azərbaycan hakimiyyətinin apardığı yanlış siyasətin nəticəsində baş verib”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah da hesab edir ki, ağır iqtisadi durumdan çıxış yolu hakimiyyət dəyişikliyidir. Elman Fəttah Azərbaycanda dəyişikliklərin mərkəzində Müsavat Partiyasının olduğunu düşünür:

“Düşünün ki, qarşısında çoxlu düymələr olan tablo var. Azərbaycan hakimiyyəti hesab edir ki, böhrandan çıxış yolu məhz o tablolardakı buttonlardan birindədir. Düyməni basan kimi böhrandan çıxacaq. O, bir neçə buttonu basır, birində partlayış, birində qısaqapanma, birində başqa hadisə olur. Yeganə çıxış yolu odur ki, -əslində böhrandan çıxış yolu yox – heç olmasa elə buttonu tapsın, o buttonu basanda heç nə baş verməsin. Hər şey əvvəlki kimi qalacaq. Mən demək istəyirəm ki, o tabloda heç nəyin baş vermədiyi button yoxdur. Yanında başqa bir button var, çıxış buttonudur. Hakimiyyət həmin buttonu basmalıdır və çıxıb getməlidir”.

“Dəqiq məlumatlara görə, İlham Əliyev özü də vəziyyətdən nə cür çıxa biləcəyi haqqında düşünür. Heç də bu son günlərdə dediyi kimi, böhrandan şərəflə çıxmaq haqqında yox, özünün bu vəziyyətdən salamat çıxması üçün yollar düşünür. Tapa bilmir və təəssüf ki, bizim təklifimizi də dəyərlənməyə hazır deyil. Deməli, yenə də vəziyyəti dəyişmək Müsavatın, demokratik düşərgənin, xalqın üzərinə düşür”-

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər belə deyir. O, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müşavirədə çıxış üçün digər müsavatçılara da söz verilib.

Arif Hacılı həmçinin vurğulayıb ki, ölkədə vətəndaşların həyatının heç bir təminatı yoxdur, ona görə də onlar başqa ölkələrə üz tuturlar.

“Azərbaycan cəmiyyəti inkişaf etmiş, firavan cəmiyyət qurmağa layiq və qadir xalqdır. Biz bunu bilirik. Biz bu təbliğatı Azərbaycan cəmiyyətində aparmalıyıq, aparacağıq. Müsavat Partiyası olaraq bütün təşəbbüsü öz əlimizə götürüb, 2017-ci ildə irəli gedəcəyik. Bu cəmiyyətin məsuliyyətini daşıdığımızı dərk edərək, bu cəmiyyətin gələcəyi barədə düşünən bütün siyasi təşkilatları, ictimai təşkilatları, siyasi xadimləri, ziyalıları, gəncləri də bu mübarizəyə çağıraraq, bu mübarizənin önündə gedəcəyik və bundan qalib ayrılacağıq.”

Ana səhifəVideo”İlham Əliyev bu vəziyyətdən salamat çıxmağın yollarını düşünür”